Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmış mühüm vəsatət
Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvolu, qürur mənbəyidir. Bayrağımız Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən, milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirilib və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı elan olunub. Həmin vaxt Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması tarixi hadisə idi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılıb və tələb edilib ki, bu bayraq Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilsin. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi.Beləliklə, Ulu Öndərin səyləri nəticəsində üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında Dövlət bayrağı kimi qəbul edilib. Prezident cənab İlham Əliyev 2018-ci il sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda söylədiyi nitqində bu məqamlara toxunaraq “Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi Dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”,-deyə qeyd edib.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov
Şərh yazılmayıb.