Vətən və Qələbə naminə siyasi həmrəylik nümunəsi
Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın tarixi Zəfərində – möhtəşəm Qələbəsində xalqımızın həmrəyliyinin – milli birlik faktorunun müstəsna yeri və rolu var. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu, Azərbaycan xalqının Vətən sevgisinin ifadəsi və Ali Baş Komandan cənab İlham Əliyevin ümummilli xarakterli qətiyyətli siyasətinin real nəticəsi idi. Eyni zamanda, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli birliyin daha bir təzahürü oldu. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirdilər. Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan cənab İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.
Bu gün yaşından, cinsindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə xaricində və daxilində yaşayan, doğma Vətənini sevən azərbaycanlılar Prezident cənab İlham Əliyevin siyasi, iqtisadi, mədəni və sosial siyasətini fəal şəkildə dəstəkləyir. Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri 44 günlük Vətən müharibəsində Prezident cənab İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirmişdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Şərh yazılmayıb.