Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
9 Noyabr Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib. Ölkə başçısı bu qərarı qəbul edərkən Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alıb, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin edib.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağını bərpa edilib. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi…
Üçrəngli bayraq bir də 70 il sonra yüksəklərə qaldırıldı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Şərh yazılmayıb.