Huquqaz.com

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır

12.01.2024
1.961
Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

Dövlət başçısı cənab  İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində artan nüfuzundan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, eyni zamanda, müasir tariximizin yeni dövrünün çağırışlarından geniş bəhs etdi. Gününüzün əsas hədəflərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması fonunda əlaqələrin coğrafiyasının daha da genişləndirilməsi, dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin bərpa edilməsidir. Azərbaycanın nüfuzunun artmasında, yerinin və rolunun möhkəmlənməsində əsas amil xarici siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Cənab İlham Əliyev müsahibədə müəyyən xarici dairələrin Azərbaycana qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini də açıqladı. Bütün hallarda Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir. Prezident İlham Əliyev müsahibədə çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs etdi: “Qürurvericidir ki,  bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar. Zəfər seçkiləri kimi tarixə yazılacaq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir.  Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin  azad edilməsi və suverenliyimizin  tam bərpa edilməsi  yeni dövrün başlanğıcı idi. Cənab İlham Əliyev bildirdi ki, əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya, amal ətrafında birləşdi. Bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər.  İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri sakinlərinə qovuşub və dirçəlir. 2024-cü ildə də bu  yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı  davam edəcək. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Həm bu ərazilərə qayıdan sakinlər üçün treninqlər keçirilir, həm də yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb.  İcra olunan infrastruktur layihələri bu il daha böyük sayda keçmiş köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışına geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, bu il keçmiş köçkünlər  Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqlar. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.  Hədəf 140 min keçmiş köçkünün  yaxın üç il ərzində öz yurd-yuvasına qayıdışıdır. Göründüyü kimi, bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bütün bu işlər ölkəmizin daxili imkanları hesabına görülür. Düşünülmüş və gələcəyə hesablanmış siyasətimiz nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi hər bir hədəfə zamanında nail olmağa əsas verir.

Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru-Jalə Kərimli

 

 

2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.

Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın bugünkü reallıqlarının başlanğıcı oldu. 2003-cü ildən Azərbaycanın həyatında yeni bir dövr başladı. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu mühüm vədi verdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Ümummilli Liderə müraciətdə o da vurğulanmışdır ki, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik. Sözügedən müsahibədə “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Heydər Əliyev siyasəti davam etdirildi: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.” Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili fonunda hər bir ölkənin inkişafında lider amilinin rolunu görürük. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı müstəqilliyinin ilk illərinin anarxiyasından, tənəzzülündən, iqtisadi böhranından, torpaqlarımızın işğalından xilas etdi. Təbii ki, bu uğurlarımızın təməlində Ümummilli Liderin torpaq, Vətən, xalq sevgisi dayanmışdı. Məhz bu sevgi Azərbaycanı zirvələrə doğru apardı. 2003-cü ildən başlanan Böyük Yolun davamı bu gün Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın təqdimatında öz sözünü deyir. Ümummilli Liderin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması idi. Son 20 ilin 17 ili bu hədəfə nail olmaq üçün görülən hazırlıq işlərinə həsr edildi. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə davamlı uğurlara imza atdı, zəngin təcrübə qazandı, hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza yaradıldı, güclü, qüdrətli, üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik, beynəlxalq standartlara cavab verən ordu formalaşdı. Azərbaycan Ordusu Qələbəyə hazırlandı. Dövlət başçısı İlham Əliyev müsahibəsində son 20 ilin uğurlarının miqyasının böyüklüyünü “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” fikirləri ilə ifadə etdi. Təbii ki, bu güc qeyd etdiyimiz kimi, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində özünü təsdiqləyir və nümunədir. Azərbaycan bu gün dünyaya inkişafın ən təkmil, müasir modelini təqdim edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma, həmçinin müasir idarəetmə təcrübəsinin təqdimatıdır. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəlikləri fəaliyyət göstərir və bu isə öz növbəsində işin səmərəliliyinin artırılmasında öz sözünü deyir.

Zərdab Gənclər evi SXM-in əməkdaşı– Azad Kərimli 

 

 

 

İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaldanda böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ilin bütün vədləri yerinə yetirilib. Artıq yeni dövr yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizin, xalqımızın həyatında mühüm hadicə olan bu mühüm addımın atılmasını şərtləndirən amilləri bir daha diqqətə çatdırdı. Birinci səbəb kimi suverenliyimizin tam bərpası vurğulandı. Dövlət başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. İkinci səbəb müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə qurulan seçki məntəqələri tam şəkildə səsvermə prosesinə hazırdır. Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər ölkəmizin həyatında yeni dövrün, mərhələnin başlanğıcı olacaq. Yeni dövrə məhz prezident seçkiləri ilə başlamaq özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi onu da bildirdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir. Əgər seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi: “Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır.” Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərini əsaslandıran amillər sırasında Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olduğunu bildirdi. Qeyd edildi ki, bu da bir dövrdür və bunu da bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.

20 ildə verilən hər bir vəd real həyatda öz əksini tapıb. Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi oluruq. Qarşıya yeni çağırışlar, vəzifələr qoyulur. Bu gün inamla qeyd etdiyimiz bu çağırış da Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. Azərbaycan zəngin neft və qaz potensialına malik olsa da gələcəyini yaşıl enerjiyə bağlayır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu kimi məqamlara, çağırışlara işıq salır. Hər dövrün öz tələbi vardır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5 əsas hədəf öz əksini tapıb ki, onların kompleks icrası Azərbaycanın dayanıqlı inkişafının əsasıdır. Azərbaycan qazandığı uğurlarla kifayətlənmir, daim irəli baxır və zamanın qabaqlanmasını qarşıya əsas çağırış kimi qoyur. Bu baxımdan qeyd edə bilərik ki, yeni dövrün başlanğıcıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcək. Yeni dövrün yeni hədəfləri olmalıdır: “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək.

Zərdab Gənclər evi SXM-in əməkdaşı –Şamil Babayev

 

 

Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər.

Prezident cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır: “Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə, istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik: “Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”. əs delimitasiya və demarkasiya məsələsi həllini tapmadan sülh müqaviləsi imzalana bilərmi? Bəri başdan xatırladaq ki, bu il yanvarın sonunda Ermə­nistanın və Azərbaycanın sərhədlərin delimi­tasiyası üzrə komissiyalarının növbəti iclasının keçi­rilməsi barədə razılığa gəlinib. Bu komissiyaların sonuncu iclası ötən il noyabrın 30-da Ermə­nistan–Azərbaycan sərhədində gerçəkləşib. Həmin görüşdə tərəflər komissiyanın iclasla­rının və birgə işçi görüşlərinin təşkili və ke­çirilməsinə dair işçi reqlamentin ilkin mətnini razılaşdırıblar. İki ölkə, həmçinin delimitasi­ya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işə başlamaq barədə razılığa gəlib.Prezident İlham Əliyev müsahibəsində hələ də Gürcüstan və Rusiya ilə delimitasiya, demarkasiya proseslərinin davam etdiyini əsas gətirərək bildirib ki, əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər: “Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Amma yəni, demək istəmirik ki, bizim şərtlər əsasında. Ancaq hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətli şərtlərdir. Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılığa gəlmək olar. Yəni, hesab edirəm ki, bu, tam məntiqli yanaşmadır”. Buradan bir daha aydıın görünür ki, Prezident İlham Əliyev  Ermənistanın siyasi rəhbərliyinə sülh müqaviləsinin imzalanması üçün şanslar verməkdə davam edir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki,  yaxın vaxtlarda iki ölkə arasında Azərbaycanın ədaləltli şərtləri əsas götürülərək sülh müqa­viləsi imzlana bilər.  Bunu real tarixi şərait, eləcə də Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar tələb edir. Bu aspektdən çıxış etsək, Ermənistanın yeni tarixin gedişatına təslim olacağı şəksizdir.

Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru-Jalə Kərimli

 

 

Sabit inkişafın bünövrəsi.

XX əsr Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət – ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir! Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir. Ümummilli liderin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda ölkəni işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi ön planda dayanır, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixin əsasını qoymuşdur. Azərbaycanın müasir milli inkişaf siyasətinin əsası 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-2003-cü illərdə ulu öndərin aydın, iradəli, uzaqgörən və qətiyyəti siyasəti, dövlət idarəçilik istedadı sayəsində Azərbaycanın suverenliyi qorunub-saxlanıldı, dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, milli dövlətimiz bütün sahələr üzrə möhkəmləndirildi, ölkəmiz beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildi, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi, gələcək inkişafının beynəlxalq qarantiyası alındı və maddi resursları təmin olundu. Son onillik müddətdə Azərbaycanda Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının əsas prinsiplərinin müntəzəm olaraq həyata keçirilməsi, milli dövlət quruculuğu siyasətinin uğurla reallaşdırılması müstəqil dövlətimizin formalaşması və inkişafında müstəsna əhəmiyyət kəsb etmişdir. Cənab İlham Əliyev öz prezidentlik fəaliyyətində daim xalqa söykənir və onun yüksək etimadına arxalanır. Dövlət başçısı tərəfindən qəbul edilən bütün qərarlar cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəyə rəhbərliyi dövründə – 2003-cü ildən bu günə kimi cənab Prezident xalqın etimadını, gözləntilərini, arzu və istəklərini öz əməli fəaliyyəti ilə tam doğrultmuşdur.Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcəkdir.

 Şamil Babayev – Zərdab Gənclər evi SXM-in əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.