Huquqaz.com

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı

14.10.2022
1.540
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı

Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi. 17 oktyabr tarixində Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ilə bərabər Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Vətən müharibəsi günlərində isə ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi.

Azərbaycan Ordusunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25301 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Qarabağ və ətraf rayonlar işğaldan azad ediləndən sonra bölgədə abadlıq-quruculuq işlərinə başlandı. Füzuli Beynəlxalq Hava Limanının salınması Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra ən böyük uğur və ölkəmizin nəyə qadir olduğunun parlaq göstəricisidir. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” elan edib.

Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. Lakin 1994-cü il 5 yanvar tarixində Ümumilli Lider Heydər Əliyevin əmri ilə başlanan hərbi əməliyyat nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin əməliyyat zamanı azad edilmiş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayır.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova

Şərhlər

Şərh yazılmayıb.