Huquqaz.com

Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur

19.07.2022
1.722
Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur

Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur.

Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzuru yenidən quran Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda həyata keçirdiyi misli görünməmiş quruculuq işləri Azərbaycanın qüdrətinin  göstəricisidir. İyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu məsələyə xüsusi olaraq toxunan Prezidentimiz bir daha bəyan etdi ki, Azərbaycan dövləti Qarabağı, Zəngəzuru yenidən qurur. Özü də təkbaşına, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan.

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezidentimiz cənab  İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. 2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata keçirilmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Ötən il ölkə başçımız cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam,  Füzuli şəhərlərinin baş planları təsdiq olunaraq təməlləri qoyulub.

Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi – Mübariz Quliyev

Şərhlər

Şərh yazılmayıb.