Huquqaz.com

Ölkəmizdə demokratik mühit mövcuddur

07.03.2023
2.048
Ölkəmizdə demokratik mühit mövcuddur

Ölkəmizdə demokratik mühit mövcuddur

Hər zaman radikal mövqeləri ilə diqqət çəkən, ölkəmizin uğurlarına qara eynəkdən baxmağa adətkar olan, siyasi dialoq prosesinə öz maraqlarını qəbul etdirmək kimi yanaşan ünsürlər son dövrlər siyasi partiyaların davamlı xarakter alan görüşlərindən də kənarda qalır, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə ermənipərəst mövqeləri ilə cəmiyyətin nifrətini qazanırlar. Onlar üçün siyasi dialoqun təşkili köhnə vərdişlərinə və düşüncələrinə uyğun olaraq hakimiyyətin qarşısına hansısa absurd tələbin qoyulması və onu qəbul etdirmək niyyətlərinə çatmaq üçün bir vasitədir. Bu istəkləri baş tutmayanda daş atıb başlarını tuturlar ki, hakimiyyət dialoq tərəfdarı deyil. Bax, budur bu ünsürlərin demokratiya düşüncələri. Necə ki, illərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etmirlər, eləcə də siyasi dialoq məsələsi gündəmə gələndə, ona öz şəxsi və qrup maraqları prizmasından yanaşır, bu istiqamətdə rəy formalaşdırmağa cəhd edirlər. Unudurlar ki, fərziyyə reallıq deyil. Əgər bu gün biz dağıdıcıların əvvəlki təfəkkürlərinə istinad etsək görərik ki, bu ünsürlər hakimiyyətlə müxalifət arasında dialoqun təşkil edilməsi üçün bir qayda olaraq xarici himayədarlarından kömək istəyiblər. Burada da məqsəd bəlli idi: Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizin demokratik imicinə zərbə vurmaq. Guya bu addımı xarici dəstəksiz atmaq mümkün deyildi. Azərbaycan hakimiyyətinin antimilli ünsürlərdən əsas tələbi hər zaman bu olub ki, daxili məsələlər ölkənin daxilində həll edilməlidir.

Bugünkü hadisələr bir daha təsdiqləyir ki, antimilli ünsürlərin apardıqları təbliğatın əksinə olaraq ölkəmizdə demokratik mühit mövcuddur. Bütün siyasi partiyalara fəaliyyətləri üçün normal şərait yaradılıb, onlar arasında əməkdaşlıq mühiti var, ölkənin inkişafı, ümummilli məsələlər üçün bir araya gəlmək imkanındadırlar: “Prezident İlham Əliyev YAP-ın VII qurultayında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmiş, təşəbbüsləri alqışlamış və artıq bu dialoq baş tutub. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Antimilli ünsürlərlə heç vaxt bir masa arxasında otura bilmərik. Onlar satqın, xaindirlər. Bu gün antimilli şurada cəmləşən milli satqınlar şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyirlər. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb”.

Bu gün bütövlükdə siyasi sistemdə əməkdaşlığın çərçivəsi genişlənir. Hazırda Milli Məclisdə 9 siyasi partiya təmsil olunur. Artıq fəaliyyətə başlamasının bir ili tamam olan yeni tərkibli Milli Məclis siyasi islahatların yeni mərhələyə qədəm qoymasına öz töhfələrini verir. Siyasi dialoq mühitinin dərinləşdirilməsinə səylər göstərir. Bu günümüzün reallığı budur ki, siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur”.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.