Huquqaz.com

İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

08.10.2022
1.894
İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi də tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. Belə ki, rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır. Lakin erməni vandalları tərəfindən bu şəhər o qədər dağıdılıb ki, xarici jurnalistlər bu gün Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”nə çevrilibdir. Ağdam ərazisindəki maddi-mədəniyyət abidələri erməni qəsbkarlarının vandalizm siyasətinin şahididir. Daşnaklar və onların havadarları muzeylərdəki eksponatları nəinki talayıb aparmış, hətta həmin abidə-məbədlərin daşını daş üstə qoymamışlar. Bütün bu faktlar isə illərdən bəri beynəlxalq müşahidəçi qismində Qarabağa səfər edən təşkilatların təmsilçilərinə yaxşı məlumdur, çünki vaxtaşırı verdikləri hesabat-məruzələrində öz əksini tapmışdır. Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış həmin abidələrdən sayılan Xanoğlan türbəsi də daşnak quldur dəstələri tərəfindən dağıdılıb. Ağdamda təkcə maddi-mədəniyyət ocaqları deyil, dini məbədlər də düşmən tərəfindən yerlə yeksan edilib. Papravənddəki Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar da dağıntıya məruz qalıb. Sadalanan bu faktlar bir daha erməni vandalizmini bütün dünyaya bəyan etməklə, onların işğalçı bir dövlət olduğunu sübüt edir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Kamal Xəlilov

Şərhlər

Şərh yazılmayıb.