Huquqaz.com

“Şuşa hər bir azərbaycanlı üçün əzizdir… Şuşa bizim milli rəmzimizdir”

26.07.2023
1.749
“Şuşa hər bir azərbaycanlı üçün əzizdir… Şuşa bizim milli rəmzimizdir”

Şuşa hər bir azərbaycanlı üçün əzizdir… Şuşa bizim milli rəmzimizdir”

Şuşa…

Tək bir sözün min bir qızıl dəyərində qiyməti var deyirlər. Hər  səsində min uğur, min qürur var bu sözün. Bu söz ki adı çəkiləndə, qəlbimizdə olan heyrətamiz hislər üzümüzə yansımasa, dilimizə bir dür halına gəlməzsə əksik olardı.

Şuşa xarı bülbülü, məscidləri, gözəl və fərqli təbiəti ilə məşhurlaşmış şəhərlərdəndir. Havasının saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhərlərdən hesab olunan Şuşanı təəssüf ki, yaxından gedib gəlmək 2020-ci ildən sonra mümkün olmuşdur. Azərbaycan xalqı I Qarabağ müharibəsindən bu yana bu gözəl torpağa ayaq basmağa həsrət qalmışdır. Yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da Şuşa öz istirahət guşələrinə görə məşhurdur.

Şəhərin gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Yəqin ki, b adı eşitməmiş olmazsınız. Hətta xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirlir. Bu yerin özünəməxsus xüsusiyyəti isə istirahət guşəsi olan Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşməsidir.

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Erməni vandalları tərəfindən bu meşələrin yox edilməsi haqqında məlumatlar vardır. Burada qədim tarixə malik ağacları kəsərək başqa ölkələrə satan ermənilər Şuşanın bu qədim tarixi meşəsini məhv etməyə çalşırdılar. Tpxana meşəsi Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edir. Meşədə palıd, qarağac, fıstıq, kimi ağaclar vardır. Topxana əsl təbiət möcüzəsi idi. Topxananın heyvanat aləmi də çox zəngindir. Belə ki, burada hər an qarşınıza ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan çıxa bilərdi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub.

Etimalogiyası 1752 çi ildə qoyulan, yaradıcısının adını danışayan qədim Pənahabad XX əsrin əvvəllərində “Kiçik Paris” , ” Azərbaycan musiqisinin beşiyi”, ” Qafqaz Sənət Məbədi” adı ilə məşhurluq zirvəsini taclandırırdı.  XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. Şuşa musiqisinin adı çəkiləndə, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulması  ağıla gələn ilk hadisələrdəndir.

Şuşa dağdan açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıqdı. Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu kimi:

Şuşanın dağları başı dumanlı,

Dərdindən ölməyə çoxdur gümanlı…

Mahnı sözləri Şuşanın gözəlliyini əks etdirir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir.Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır.Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var.Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur.Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib.Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır.

Şuşada “Bazarbaşı” deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan il boyu quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.

Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı.Şəhərin əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi.

O , möhtəşəm quruluşa malik, bir birindən dəyərli tarixi mənəvi dəyəri olan, eşi bənzəri olmayan, insanlıgın bəşəriyyətin  min illər boyunca unuda bilməyəcəyi qədər əsrarəngiz gözəlliklərə sahib  bir məkan, insanliğa bir çox töhvələr vermiş,hələ də səsindən sözündən bəhs edilən neçə sənətkarın ana vətəni, yer altı və yer üsdu sərvətləri ilə dünyaya səs salan Şuşadan bəhs edirik. Hansı ki, bu möhtəşəm tarixə, mədəniyyətə, iqtisadiyyata və daha neçə-neçə möhtəşəmliyin bir arada olduğu bu cənnət məkan 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

O gün-bu gündür, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan insanının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Vətən müharibəsinin gedişində Ali Baş Komandanımızın rəhbərliyi eyni zamanda müzəffər Ordumuzun Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini azad etmək üçün həyata keçirdiyi misilsiz əməliyyatları nəticəsində geri qaytarıldı. Şuşanın işğaldan azad edilməsi  tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi və nəhayət ki  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq  simvolu qarabağda  ucaldı. Azərbaycanın 28 illik ŞUŞA yarası sağaldı! Bu, Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Ermənistanın öz acı məğlubiyyəti öz dillərindən hələ çoxdan eşidilirmiş. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Lakin bu bəs deyildi. Biz hər bir qarış torpağımızı, hər bir daşımızı, ağacımızı, yurdumuzu-yuvamızı sonuna qədər istəyirdik. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.

Azərbaycan respublikasının ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Şuşa təkcə şuşalılar üçün yox, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır. Azərbaycanın deyə bilərəm ki, gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Ona görə Şuşa bir yaşayış məkanı deyil, Şuşa bizim milli rəmzimizdir…”.

 

Qənbərova Dürrə

Saatlı rayonu Qırağlı kənd tam orta məktəbin müəllimi

 

Şərhlər

Şərh yazılmayıb.