Huquqaz.com

Siyasi uzaqgörənliyin gətirdiyi uğur

03.10.2022
2.137
Siyasi uzaqgörənliyin gətirdiyi uğur

Siyasi uzaqgörənliyin gətirdiyi uğur

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü.

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Ulu Öndər Heydər Əliyevin nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı.

Azərbaycanı möhtəşəm tarixi qələbəyə aparan yolun əsası əslində 1993-cü ilin iyun ayında, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. Əvvəlki hakimiyyətlərdən miras qalmış xaos və anarxiyanın aradan qaldırılması, müstəqil dövlətin qurulması, hərtərəfli iqtisadi və siyasi islahatların həyata keçirilməsi, nizami ordu quruculuğu, dövlətin iqtisadi qüdrətinin artırılması məqsədi güdən əsrin neft müqaviləsinin imzalanması mahiyyət etibarilə ölkəmizin erməni təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün təmin edilməsi üçün imkanların yaradılması istiqamətində atılan addımlar idi.

Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın qəhrəmanı olmaq, ona qalib xalq statusu qazandırmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. Cənab Prezident İlham Əliyev özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

Şərhlər

Şərh yazılmayıb.