Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı
Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı
27 sentyabr bütün şəhidlərimizin Anım Günüdür. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezidentimiz cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Qəhrəman hərbçilərimizin şücaəti sayəsində, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın möhtəşəm qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu zəfər sayəsində Ermənistan ordusu ilə bağlı bu illər ərzində formalaşan miflərə birdəfəlik son qoyuldu. Azərbaycan xalqı isə öz növbəsində hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Cəmi 44 gün ərzində düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə istehkamları yarıldı, hərbi texnikaları məhv edildi. Düşmənin işğalıçı ordusunun əsgərləri döyüş mövqelərini qoyub qaçdılar. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir. Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir və eyni zamanda da bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq. Heç şübhəsiz Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Burada nümayiş olunan eksponatlarda Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı Azərbaycan xalqının birliyinin gücü də əks olunur. Məhz buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi- Rəşad İsmayılov
Şərh yazılmayıb.