Etibarlı münasibətlər
Etibarlı münasibətlər
Dövlətlərin inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı faktorlar mövcuddur. Ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır.
Bu kontekstdə Azərbaycan təcrübəsi mütərəqqi və müsbət nümunə kimi diqqəti cəlb edir. Ümumiyyətlə, müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirən ən mühüm amillər möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi inkişafdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir çağırışlara uyğun həyata keçirilən uğurlu siyasət Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edib. Bütövlükdə, əldə edilən möhtəşəm nailiyyətlər Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin, milli gücünün artmasını təmin edib.
Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yolunda inamla irəliləməsini təmin edən mühüm amillərdən biri milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Dünyada böyük etimad qazanan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Cənab Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı qeyd etmişdir ki, “Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir”
Təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir.
Cənubi Qafqaz regionunun lider dövləti olan, dünyada böyük etimad qazanan və etibarlı tərəfdaş olaraq tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, qlobal əhəmiyyətli mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Digər tərəfdən, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.
Nəticə etibarilə, dünya birliyinə uğurla inteqrasiya edən, qlobal təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan beynəlxalq müstəvidə müstəqil, praqmatik xarici siyasət kursuna malik olan ölkə, həmçinin nüfuzlu və qüdrətli dövlət kimi tanınır.
Nuranə Məhəmmədova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin müəllimi
Şərh yazılmayıb.