Huquqaz.com

Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir

28.09.2022
1.625
Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir

Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir.

Yüzilliklər boyu baş verən müharibələr, müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalandı, soydaşlarımızın bir qismi ata-baba yurdlarından didərgin salındı, deportasiyalara məruz qaldı.

1991-ci ildə Azərbaycan xalqının öz istiqlaliyyətini bəyan etməsi, 1920-ci ildə itirilmiş müstəqilliyinin bərpa olunması müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsinə imkan verdi. Azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir.

Bütün çətinliklərə baxmayaraq, xalqımızın milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, milli və vətəndaş birliyinin təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi Azərbaycanın intensiv inkişaf dövrünə qədəm qoymasına imkan verdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. İqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımız Vətən müharibəsində Qələbəmizi şərtləndirdi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, 50 milyon azərbaycanlının üçrəngli ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, tariximizin şanlı zəfər səhifəsi yazıldı. Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı. Hər bir soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında şəhidlik zirvəsinə yüksələn vətən oğullarımızın xatirəsini əziz tutaraq ehtiramla yad etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan həmvətənlərimiz 44 günlük müharibədə dövründə düşmənlə informasiya cəbhəsində vuruşdu. Müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə, xarici mediada çıxışlarda Azərbaycan həqiqətləri, Qarabağ münaqişəsi, Ermənistanın ballistik raket hücumları ilə mülki əhaliyə qarşı terror aktları mütəmadi olaraq soydaşlarımız tərəfindən dünya ictimaiyyətinə çatdırıldı. Müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir. Bu gün dövlətimiz bütün dünyada yaşayan azərbaycanlıların tarixi Vətəni, həmçinin siyasi mərkəzi kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil dövlətimizə hər hansı təhlükənin, təcavüzün qarşısının alınması, onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət olaraq inkişaf edib möhkəmləndirilməsi hər bir azərbaycanlının şərəfli vəzifəsi kimi bütün istəklərinin fövqündə durmalıdır. Azərbaycan dilinin, milli-əxlaqi dəyərlimizin, millət kimi formalaşdığımız tarixi Vətənimizin şərəfini qorumaq, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın ən yüksək həyat amalına çevrilməlidir. Çünki müstəqil Azərbaycan dövləti xalqımızın əldə etdiyi ən böyük nailiyyətidir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

Şərhlər

Şərh yazılmayıb.