Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır
Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, çoxəsrlik tarixinin ən parlaq dövrünü yaşayan qədirbilən Azərbaycan xalqı onun misilsiz xidmətlərini hər an yüksək qiymətləndirir, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Çünki bu gün qüdrətli və qalib Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları, zəngin siyasi irsi əsasında tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır.
Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycanın milli maraqlarını daim uca tutub, Vətən naminə fədakarcasına, əzmlə və qətiyyətlə çalışıb.
1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev Moskvanın yaratdığı məneə və məhdudiyyətlərə baxmayaraq, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllərin yaradılmasına müvəffəq olub, uzaqgörən siyasəti ilə Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini inşa edib. Məlumdur ki, 1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də Azərbaycanın mənafeələrini qətiyyətlə qoruyub, xalqımızın rifahı və firavanlığı, respublikamızın inkişafı üçün əhəmiyyətli addımlar atıb, tarixi xidmətlər göstərib.
Həmin dövrdə, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması isə nəinki müstəqillik, hətta müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. İnkaredilməz həqiqətdir ki, ölkəmizin böhran və tənəzzüldən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyması güclü lider və dahi şəxsiyyət Heydər Əliyevin ətrafında cəmiyyətimizin ən öncül zümrəsinin birləşməsi ilə başladı. Xalqın dəstəyi, Heydər Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi və uğurlu fəaliyyəti nəticəsində Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına və dövlətin siyasi sütununa çevrildi. Yarandığı gündən bir neçə ay sonra Yeni Azərbaycan Partiyasının xalqın etimadı ilə hakimiyyətə gəlməsi dünya siyasi tarixində nadir hadisələrdən biri, Heydər Əliyev şəxsiyyətinə ümumxalq inamının bariz təzahürü idi.
Ümummilli Lider xalqımız qarşısında ən böyük xidmətlərindən birini – xilaskarlıq missiyasını yerinə yetirdi, Heydər Əliyevin Qayıdışı Azərbaycanın Qurtuluşunu təmin etdi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində xaosun, vətəndaş qarşıdurmasının qarşısı alındı və sabitlik təmin edildi. Həmin il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqımızın iradəsi əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti ölkəmizin inkişaf yoluna qədəm qoymasını təmin etdi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Heydər Əliyevin xalqımız qarşısında və müasir dövlətçilik tariximizdə misilsiz xidmətlərindən biri siyasi varisliyi təmin etməsidir.
Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb. Siyasi varisliyin təmin olunması isə Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yerə və rola malik taleyüklü hadisədir. Ona görə də siyasətçilər, siyasi təhlilçilər, tədqiqatçılar və sadə vətəndaşlar bu reallığı Ümummilli Liderin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirirlər.
Yaxşı xatırlayırıq, ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ,- deyə qətiyyətlə vurğulamışdı. Daim öz Liderinə – Heydər Əliyev şəxsiyyətinə güvənərək dövlətin və dövlətçiliyin keşiyində mətinliklə dayanan, qətiyyətli iradə nümayiş etdirən Azərbaycan xalqı növbəti dəfə Ümummilli Liderin çağırışını ən yüksək səviyyədə dəyərləndirərək 2003-cü ildə bir daha Heydər Əliyev siyasətinə “HƏ” dedi və onun ən yaxın silahdaşı olan cənab İlham Əliyevə etimad göstərdi.
Tarix Ümummilli Liderin inamının və xalqın etimadının özünü doğrultmasına şahidlik etdi. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirdi, Heydər Əliyevin arzuları reallığa çevrildi. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra keyfiyyətcə yeni mərhələ başlandı, yeni tarixi nailiyyətlərə imza atıldı, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrildi.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 19 ildə cərəyan edən proseslər, əldə olunan nailiyyətlər və bütövlükdə mövcud reallıqlar artıq təsdiqləyir ki, Heydər Əliyev yolu Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil edir. Ulu Öndərin siyasətini uğurla, uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini, mürəkkəb şərtlər və şərait fonunda, sərt geosiyasi mübarizə və rəqabətin aparıldığı vəziyyətdə milli hədəflərin reallaşmasını təmin etdi.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Tərəqqi və Zəfər yolu Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır
Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. Tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın inkişaf yolu bir çox ölkələr üçün örnəkdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi dəyərləndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy və proqnozlar ifadə edirlər.
Tarixi əhəmiyyətə malik ən mühüm məqam isə budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda ləyaqətli və qətiyyətli mübarizə aparan Azərbaycan xalqı iradəsini ortaya qoyaraq haqq savaşında ali məqsədinə nail oldu, 44 günlük Vətən müharibəsində qazanılan, son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə sayəsində torpaqlarımız işğaldan azad, ərazi bütövlüyümüz və milli ləyaqətimiz isə bərpa edildi. Beləliklə, zaman torpaqlarımızın uzunmüddətli hərbi-siyasi əsarətdən xilasına nail olan Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirməsinə şahidlik etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha sübuta yetirdi ki, onun sözü imzası qədər dəyərlidir.
Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir.
Beləliklə, tərəqqi və Zəfər yolu Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır. Müstəqil Azərbaycan Heydər Əliyev yolunun Müzəffər davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru inamla irəliləyir. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar Heydər Əliyev ideyaları və siyasətinin təntənəsi, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Heydər Əliyev irsi Azərbaycan xalqının milli-mənəvi sərvəti, dövlətçiliyimizin siyasi-ideoloji sütunudur.
Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə – müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir.
Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bəli, Heydər Əliyev fenomeni zaman və məkan anlayışlarının fövqündədir. Yəni onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman – bütün dövrlər üçün aktualdır. Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir. Ümummilli Liderin siyasi irsi dövlətçilik konsepsiyasıdır. Ona görə də ölkəmizdə və respublikamızın hüdudlarından kənarda Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar ardıcıl, məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderimizin zəngin irsinin araşdırılmasında və gənc nəslin bu irsin öyrənilməsinə təşviq olunmasında vacib rol oynayır. Yeni Azərbaycan Partiyası da Heydər Əliyev irsinin və ideyalarının təbliği istiqamətində sistemli fəaliyyət göstərir. Qeyd edim ki, YAP-ın Proqramında Heydər Əliyev irsinin təbliği və təşviqi partiyanın əsas hədəflərindən biri kimi göstərilib, onun həyatının Vətənə, xalqa və dövlətə xidmət nümunəsi olduğu qeyd edilib.
“Heydər Əliyev İli” ilə əlaqədar təsdiqlənən Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəlidir. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı da 2023-cü ildə görüləcək işləri və ümumi fəaliyyət istiqamətlərini müəyyən edən Tədbirlər Planı hazırlayıb və sənəd partiyanın İdarə Heyətinin iclasında müzakirəyə çıxarılacaq. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı olaraq Ümummilli Liderin 100 illiyinə həsr olunmuş müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar keçirməyi və bir sıra digər tədbirləri reallaşdırmağı nəzərdə tuturuq.
Bütövlükdə, “Heydər Əliyev İli” çərçivəsində respublika səviyyəsində və ölkəmizin hüdudlarından kənarda keçiriləcək tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideya-siyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəsilə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi və bütövlükdə müasir müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm təməllər üzərində inkişaf edir
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi uğurlu fəaliyyət o qədər zəngin və keşməkeşlidir ki, Onun həyatı bu gün də dövlət adamlarını, tədqiqatçıları daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə hələ də ehtiyac var. Çünki Heydər Əliyev bütün həyatı boyu Vətəninin, Xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.
Keçən hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Ümummilli Lider ideyalarına sədaqətdir. Məhz bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. Ümummilli Lider realist bir insan olaraq hər zaman hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün nəticə çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin mahir ustadı idi.
Məhz dövlətimizin başçısı İlham Əliyev də Ulu Öndərin siyasi xəttini şərəflə davam etdirərək xalqımızın böyük hörmət və ehtiramını qazandı. Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirdi. Ötən 19 ildə Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edərək, tarixinin ən qüdrətli dövlətinə çevrildi. Bütün bunları təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən möhtəşəm inkişaf yolu müstəqillik tariximizin mühüm hadisəsidir.
Cənab İlham Əliyev son 19 ildə uğurlu addımları ilə Azərbaycanı yüksək zirvələrə qaldırdı. Ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Bu gün hər bir Azərbaycan vətəndaşı böyük fəxarətlə deyə bilər ki, siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın tam bərqərar olduğu, bütün sahələrdə inkişafının ən yüksək zirvəsinə ucalmış ölkədə yaşayıram. Görülən irimiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları durmadan genişlənir, beynəlxalq nüfuzu artır.
Bu gün Qarabağda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın xilaskar oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları və bu ideyaları uğurla həyata keçirən cənab İlham Əliyev şəxsiyyəti dayanır.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq
1990-cı ilin əvvəlində yenicə müstəqillik qazanmış Azərbaycanda dövlət idarəçiliyi, ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Ölkəmizdə şəxsi maraqlarını milli maraqlardan üstün tutan, siyasi səriştəsizliyi və yarıtmaz fəaliyyəti ilə, öz ambisiyaları naminə müxtəlif xarici dövlətlərin diqtəsi ilə hərəkət etməkdən çəkinməyən AXC-Müsavat tandeminin hakimiyyəti dövlətimizi və xalqımızı uçuruma aparmışdı. Torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi kimi faciələrlə qarşı-qarşı qalmağımız isə tariximizin ən ağrılı səhifələrindən biridir. Xocalı soyqırımı, minlərlə günahsız insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi, işgəncələrə məruz qalması, 1 milyona yaxın soydaşımızın 30 il ərzində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması o zamankı yarıtmaz siyasətin nəticəsi idi. Ordunun formalaşması və təminatında ciddi problemlər, eyni zamanda digər bütün sahələrdə müşahidə olunan tənəzzül mövcud xaosu daha da dərinləşdirirdi. Sonrakı illərdə, ulu öndərin və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və torpaqlarımızın azad edilməsi məsələsi dövlətimizin xarici siyasətinin ən başlıca məqsədini təşkil etdi. Bir sözlə, AXC-Müsavat hakimiyyəti dövründə əsası qoyulan bu münaqişənin fəsadları, ölkəmizə vurduğu mənəvi, psixoloji, iqtisadi və s. zərərləri tarix boyu yaddaşımızdan silinməyəcək.
Dövlətimizi və xalqımızı düşdüyü bu ağır vəziyyətdən, qarşılaşdığı bəlalardan qurtara biləcək, nicat yoluna çıxara biləcək şəxsiyyətə, siyasi liderə ehtiyac duyulurdu. Belə bir vaxtda xalqımızın yeganə ümid yeri məhz dahi şəxsiyyət Heydər Əliyev oldu. Xalqımızın təkidli tələbi, bir qrup ziyalının müraciəti əsasında ulu öndər yeni bir siyasi partiyanın yaradılmasına razılıq verdi. Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində 550 nəfər nümayəndənin iştirakı ilə Azərbaycanın ictimai, siyasi tarixində özünəməxsus yeri və rolu olan, bu gün regionun ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyası təsis edildi, dahi şəxsiyyət Heydər Əliyev yekdil qərarla yeni yaradılan siyasi partiyanın sədri seçildi. Sonrakı siyasi proseslərdə – tariximizə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 oktyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, 1993-cü ilin 3 oktyabr tarixində keçirilən Prezident seçkilərində isə xalqımızın yüksək səs çoxluğu, inamı və etimadı sayəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, bütün sahələrdə həyata keçirilən təxirə salınmaz islahatlar nəticəsində mühüm irəliləyişlərə, inkişafa nail olundu, ictimai-siyasi sabitlik təmin edildi, vətəndaş müharibəsi təhlükəsi tamamilə aradan qaldırıldı. Ölkədaxili siyasi kursun milli maraqlarımıza uyğun şəkildə uğurla icra edilməsi ilə yanaşı, xarici siyasi strategiyamız da hədəflərimizə uyğun olaraq davam etdirildi. Beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin qurulması istiqamətində diplomatik addımlar icra olunmağa başlandı. Artıq ölkəmiz dünyada söz və nüfuz sahibi olan bir ölkəyə çevrildi. Xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, həmçinin digər iqtisadi islahatlar ilə ölkəmiz neft ehtiyatlarından səmərəli və milli məqsədlərə cavab verəcək bir şəkildə istifadə etməyə başladı. İqtisadi dirçəlişimiz digər bütün sahələrin tərəqqisinə ciddi əsas oldu.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin inkişafı yolunda misilsiz xidmətləri sadalamaqla bitməz.
Məhz bu əvəzsiz xidmətləri nəticəsində dahi şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Ulu öndər 2003-cü ilin 12 dekabr tarixində cismən bizlərdən ayrılsa da, ideyaları və əziz xatirəsi hər zaman bizimlədir: “Bu gün ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla və dinamik inkişaf edir. Əldə olunan uğurlarımız ümummilli lider, xalqımızın müdrik oğlu Heydər Əliyevin siyasi kursunun və ideyalarının dövlət başçısı İlham Əliyev tərəfindən müasir çalarlarla layiqincə yerinə yetirilməsinin bariz nəticəsidir. Bu gün Azərbaycan regionda, ümumilikdə dünyada söz sahibi olan, irimiqyaslı dünya əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçılarındandır. Ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması, beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik, dünya dövlətləri ilə qarşılıqlı uğurlu münasibətlər diplomatik sahədə qazanılan nailiyətlərin göstəricisidir.
44 günlük Vətən mühribəsində qazandığımız şanlı zəfərimiz əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq və unudulmaz səhifələrindən biri olacaq, heç bir zaman unudulmayacaq. Dövlətimizin, xalqımızın qüdrəti, qətiyyəti, həmrəyliyi sayəsində əldə olunan bu qələbə, həm də dahi şəxsiyyət, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Çünki ümummilli liderimizin ən böyük arzusu və amalı məhz tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qürurla bildiririk ki, bu gün ulu öndərimizin və bütün şəhidlərimizin ruhu şaddır. Çünki bu müqəddəs tarixi missiyamız yerinə yetirildi.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Heydər Əliyev – Azərbaycan dövlət müstəqilliyinin qurucusu
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Azərbaycan dövlətinin xilaskarı və qurucusu olan Ulu Öndəri böyük hörmət və rəhmət hissi ilə anırıq.
Azərbaycan tarixinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimayi həyatında misilsiz xidmətləri olmuşdur.
90-cı illərin əvvəli Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkəmizin üzərində qara buludlar əsməyə başladı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Ölkəmizin müstəqilliyi təhlükə altında idi.
Həmin dövrdə ölkəni bu ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi. Artıq gözlər Naxçıvana yönəlmişdi. Hamı Azərbaycanın bu durumdan yalnız Ulu Öndər Heydər Əliyevin çıxaracağını düşünürdü. Beləliklə bütün riskləri göz önünə alaraq Heydər Əliyev xalqın çağırışını nəzərə aldı, hakimiyyət sükanına əyləşdi.
Heç şübhəsiz ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etməyin özü belə çox çətindir. Qısa müddətdən sonra Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi və cəsarətli bir bəyanat verdi.
Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Əksəriyyət yaxşı xatırlayır, yəqin ki, o dövrün çörək növbələrini. İnsanlar gündəlik qida tələbatlarını ödəməkdə ciddi əziyyət çəkirdilər. Həmin günləri unutmaq özü böyük nankorluq olardı. Azərbaycan bugünkü inkişafa həmin ağır durumdan, acı günlərdən keçərək gəlib çatıb.
Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirdi. Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu siyasət nəticəsində bu gün Azərbaycan öz tarixinin ən şanlı, şərəfli və qürurlu günlərindən birini yaşayır.
Bu gün dünyada təxminən 3000-4000 arası xalq, 200-ə yaxın dövlət var. Biz xoşbəxtik ki, bizim müstəqil və güclü dövlətimiz var. Unutmamalıyıq ki, dünyada ciddi proseslər gedir. Hazırda üzərimizə düşən əlimizdəki əvəzsiz nemətlərin – müstəqilliyin, suverenliyin, istiqrarın və sabitliyin dəyərini bilməkdir. Hesab edirəm, burada ən çox məsuliyyət həm də gənclərindir. Gələcəyin idarəçiləri onlardır. Ölkəmizin gələcəyi onlardan çox asılıdır.
Bu gün hamımız Ulu Öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.
Xalqımızın taleyində və müstəqil Azərbaycan Respublikasının tarixində silinməz izlər qoymuş Ulu Öndərimizi dərin ehtiram hissi ilə anırıq!
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.
Ulu Öndər Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınıb, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib: “Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir. Sirr deyil ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməyib. Ulu Öndər Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdı. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək.
Xalqın Ulu Öndərə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirilmişdi: “Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi. Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Azərbaycanın rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün də Ulu Öndərin vəsiyyəti ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur Onun ideyalarının təzahürü olaraq yenidən qurulur, bərpa edilir.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Şərh yazılmayıb.