Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.
Bütövlükdə dünyada və regionda qeyri-sabitlik ocaqlarını gördükdə anlayırıq ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa investisiyaları, tərəqqini və insanların rahatlığını təmin etmək mümkün deyil. Azərbaycan və Tacikistan arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həmin dövrdə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.
Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuş ölkələrdir. Bizim bugünkü uğurlu inkişafımızın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.Artıq bizdə bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir.Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımların atılması gözlənilir. Artıq hökumətlərarası komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirilməsi barədə razılıq əldə olunub.
Xalqlarımız arasında mədəni sahədə də qarşılıqlı əlaqələrin möhkəm təməlimövcuddur. Biz əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşamışıq. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Həmçinin, qeyd etmək lazımdır ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər. Gələcəkdə yalnız təhsil sahəsində deyil, bütün sahələrdə qarşılıqlı əməkdaşlıq edilməsi planlaşdırılır.
Fərəcov Nazim Muğdət oğlu
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı
Şərh yazılmayıb.