Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yenidən dirçəldilən münasibətləri geosiyasi reallıqlar kontekstində inkişaf etdirilir
Qazaxıstan bütün zamanlarda Mərkəzi Asiyanın mühüm aktoru, indiki zamanda həm də önəmli amili, ümumasiya əməkdaşlığının və təhlükəsizliyinin isə son dərəcə vacib oyunçusudur. Azərbaycan isə illər ərzində yürütdüyü siyasət sayəsində nüfuzuna, heç zaman olmadığı qədər böyük gücünə görə qüdrətli dövlətdir. Heç kim inkar edə bilməz ki, regionun inkişafı baxımından Azərbaycanın, sadəcə, reaktiv deyil, həm də proaktiv diplomatiyası və onun iştirakı olmadan heç bir problem həll oluna, təşəbbüslər reallışdırıla, yeni səhifə açıla bilməz. Bu uğurlar bölgədə yeni reallıqlar yaradan Azərbaycanın və onun müdrik, uzaqgörən Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.
Qazaxıstan-Azərbaycan münasibətləri isə şübhəsiz ki, sadəcə, iki dövlət kontekstindən dəyərləndirilməməlidir. Amma bunu təhlil etməzdən əvvəl bir şeyi vurğulamaq zəruridir. Baxmayaraq hər iki ölkə mehriban qonşuluq münasibətləri çərçivəsində tammiqyaslı əməkdaşlıq edir, MDB, ATƏT, BMT, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalarda bir-birini hər cür dəstəkləyir, prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev mütəmadi olaraq beynəlxalq platformalarda görüşür, aktual məsələlərlə bağlı fikir mübadiləsi aparır, regional və qlobal məsələlərlə bağlı çağırışlar edirlər, Kasım-Jomart Tokayev prezident kimi ilk dəfə idi Azərbaycana gəlirdi. Siyasətin nəbzini daim tutmağı bacaran iki təcrübəli diplomat kimi prezidentlər Əliyev və Tokayev xalqlarımız baxımından olduqca incə addım ataraq bir-birini öz dillərində salamladılar. Bu amil iki dövlət baxımından strateji hədəflərin xəbərçisidir. Praktiki olaraq elə bir məsələ yoxdur ki, orada Qazaxıstan və Azərbaycanın maraqları toqquşsun, əksinə, ölkələrimiz eyni hədəfə doğru uzun, amma qətiyyətli, sonsuz bir yolun astanasındadır.
2009-cu il oktyabrın 3-də məhz Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri arasında imzalanmış Naxçıvan Sazişinə əsasən Türk Şurası rəsmən yaradılmışdır. İstər Qazaxıstanla, istərsə də Mərkəzi Asiyanin digər dövlətləri ilə təkcə kəmiyyət və ya miqyas baxımından deyil, ən əsası, keyfiyyət baxımından yenidən fəallaşdırılan münasibətlər yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə” ikitərəfli qardaşlıq münasibətlərini təhlil etməyə imkan verir ki, ikitərəfli kontekstdə dərinləşdirilən bu əlaqələr sonda vahid bir mərkəzdə birləşir və vahid gücə çevrilir. Heç kimə isə sirr deyil ki, bu əlaqələrin inkişafının təməlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsləri, səyləri, iradə və qətiyyəti dayanır. Görkəmli dövlət xadimi, Azərbaycana tarixi Qələbə bəxş etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin memarı olduğu Qarabağ Zəfəri isə bu hədəfin təkanverici qüvvəsi qismində çıxış etdi. Anadolu və Cənubi Qafqazda Türkiyə və Azərbaycan, Mərkəzi Asiyada isə Qazaxıstan türk inteqrasiyasının lokomotivi rolunu oynayır. Tokayevin Türkiyəyə səfəri, rəsmi Ankaranın Xəzərin şərqində mövqelərini möhkəmləndirməkdə son dərəcə maraqlı olması mövcud reallıqlar kontekstində çox önəmlidir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Şərh yazılmayıb.