Huquqaz.com

Faşizm üzərində əldə olunan qələbənin dövlət səviyyəsində qeyd olunması

07.05.2023
1.684
Faşizm üzərində əldə olunan qələbənin dövlət səviyyəsində qeyd olunması

Faşizm üzərində əldə olunan qələbənin dövlət səviyyəsində qeyd olunması.

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 121 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.

Röya Əlisurətli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

İkinci dünya müharibəsində Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan xalqı da bu Qələbənin qazanılmasına kifayət qədər böyük töhfələr verib, istər ön cəbhədə, istərsə də arxa cəbhədə. Bu xalqımızın qürur tarixidir. Bu Qələbə bizim şərəfli keçmişimizin göstəricisidir. İndi qarşımızda dayanan ən böyük vəzifələrdən biri xalqımızın bu Qələbənin əldə edilməsindəki tarixi xidmətlərini təbliğ etmək, nəsildən-nəslə ötürməkdir.

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbin müəllimi

 

 

Qəhrəman Azərbaycan övladları.

Azərbaycan ikinci dünya müharibəsinə 1941-ci ilin iyun ayında qoşuldu. Azərbaycan SSRİ-nin tərkibində alman faşizminə qarşı mübarizə aparan dövlətlər sırasında müstəqil subyekt kimi deyil, ümumi imperiya maraqları üçün mübarizə aparırdı. İkinci dünya müharibəsində 600 mindən çox insan iştirak etmişdir.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. Milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

9 May – Faşizm üzərində qələbə günüdür.

Artıq 78 ildir ki, 9 may – faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Qələbə Azərbaycan xalqına asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qoruyublar. Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir. Onu da qeyd edek ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Təbii ki, Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi.

1941-1945-ci ilər dünya tarixinə Böyük Vətən müharibəsi illəri kimi daxil olmuşdur. Bu müharibə dünya ölkələri arasında böyük sensasiya yaratmışdır. Xronoloji ardıcıllığa əsasən 1941-ci il iyunun 22-də faşist Almaniyası gözlənilmədən SSRİ-yə hücum etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -“Barbarossa planı” ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Bu müharibənin əsas  məqsədi güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər ArxangelskHəştərxan xəttinə çıxmaq idi.

Bu dövrdə Azərbaycan Sovet imperiyasının tərkibində idi. Azərbaycanın cəsur oğulları ölkəni müdafiə üçün ayağa qalxmışdılar. Azərbaycan xalqı da son qələbəyədək bu müharibədə fəal iştirak etdi. 1941-ci ildə Azərbaycan SSR-in əhalisi 3,4 milyon nəfər idi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə, “Qırıcı batalyon”lara daxil olurdular. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı

Bütün bu tarixi faktlar Azərbaycan xalqının necə müzəffər, mərd olduğunu bir daha  sübut edir.

Nigar Şükürova – Zərdab rayonu Aşağı Seyidlər kənd ümumi orta məktəbinin müəllimi

 

 

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur.

Faşizm üzərində qələbə çaldındığı gün, hər il 9 May Azərbaycan xalqı tərəfindən təntənəli surətdə qeyd olunur. İgid oğullarımızın əziz xatirələri anılır. Bu məsələyə xüsusi yanaşılmasında Cənab Prezident İlham Əliyevin misilsiz xidmətləri vardır. Cənab Prezident hər il Qələbə Günündə müharibənin görkəmli nümayəndələrindən biri, xalqımızın igid oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, döyüş meydanında öz şücaətlərini düşmənə nümayiş etdirmiş digər cəsur oğullarının əziz xatirəsini dərin ehtiramla anır. Cənab Prezident İlham Əliyev  müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir.

Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyev müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi məqsədilə sərəncamlar imzalayır. Demək olar ki, bu məsələ artıq ənənə halını alıb.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara diqqət göstərmək məqsədilə  Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır.

Səliqə İsmayılova – Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi

Şərhlər

Şərh yazılmayıb.