Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolunu oynayır
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolunu oynayır
Zirvə Toplantısında əsasən Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquq bazasının gücləndirilməsi, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, su bioloji ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, habelə qarşılıqlı maraq doğuran digər sahələr üzrə çoxsaylı sazişlərin mövcud olması, yeni saziş layihələri üzərində işlərin aparılmasının qabardılması, Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı ikitərəfli və üçtərəfli formatda hüquqi qüvvəyə malik sazişlərin bağlanması, eyni zamanda, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq kimi məsələlər müzakirə edilib. Zirvə toplantısında vurğulanıb ki, Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzəryanı dövlətlər arasında bağlanmış müqavilələr Xəzər dənizi regionunun iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır.
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirib: «Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir”.»
Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında dövlət başçımız bildirib ki, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru
Şərh yazılmayıb.