Huquqaz.com

Prezident İlham Əliyevin şah əsəri – Qarabağın və Şərqi Zəngəzurun erməni faşizminin işğalından azad edilməsidir

14.10.2022
2.813
Prezident İlham Əliyevin şah əsəri – Qarabağın və Şərqi Zəngəzurun erməni faşizminin işğalından azad edilməsidir

Prezident İlham Əliyev “Vaqif Poeziya Günləri”nin rəsmi açılışında çıxış edən zaman prezidentlik dövrünün ən əsas qayəsini bildirdi. Bu ədalətin bərqərar olması idi: “İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də, o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır”. Sözün əsl mənasında, mübarizə aparan ölkə Prezidenti bütün sahələri inkişaf etdirməklə, dünyada Azərbaycanın nüfuzunu artırmaqla, ordu quruculuğunu gücləndirməklə, nəhəng neft-qaz, enerji layihələrini reallaşdırmaqla, vətənpərvər gənc nəsli yetişdirməklə ədalətin bərpasına nail oldu.

Prezident İlham Əliyevin şah əsəri – Qarabağın və Şərqi Zəngəzurun erməni faşizminin işğalından azad edilməsidir. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi ulu öndər Heydər Əliyev əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Bu gün şəhidlərimizin, Ümummilli Liderimizin ruhları şaddır. Ötən müddət ərzində hər bir atılan addım, keçirilən görüş, reallaşan layihələr Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Heç bir təzyiqə, təhriklərə məhəl qoymadı, bir an belə geri çəkilmədi. Bu əsl liderlik nümunəsidir. Azərbaycan Prezidenti inkişaf və məqsədə çatmaq üçün ən mühüm tərəfləri birləşdirməyi, bütün sahələrdə konsolidasiya yaratmağı bacardı və xalq da ona böyük ümid və inam bəslədi, vahid ideya uğrunda öz rəhbərinin ətrafında sıx birləşdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, mərd xalq kimi tanıtdı. Xalqımızın özünə inamını qaytardı, ona yenidən ruh verdi. Qələbədən keçən müddət ərzində erməni vandalları tərəfindən darmadağın olan, sərvətləri talan edilən şəhər və kəndlərimiz yenidən dirçəlir, canlanır. Çox tezliklə öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdacaqlar. Böyük Qayıdış strategiyasının sürətlə həyata keçirilməsi bunun bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Məhz Prezident İlham Əliyevin praqmatikliyi, uzaqgörənliyi, müdrikliyi nəticəsində bu gün ölkəmiz dünyada bir sıra mühüm layihələrin reallaşmasında mühüm rol oynayır. Mühüm məsələlərdən biri də informasiya müstəvisində Azərbaycan reallığını nümayiş etdirmək idi.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.