Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Azərbaycanımızın keçdiyi tarixi yola nəzər salsaq, görərik ki, ölkəmiz ayrı-ayrı zamanlarda müxtəlif hərbi təcavüzlərə məruz qalsa da, öz mövcudluğunu qoruyub saxlaya bilib. Bəli, Azərbaycan xalqının Vətənin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlığın qədim və zəngin tarixi vardır: Cavanşir , Babək , Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr demək olar ki, Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaratdılar. Hansı ki, bu qəhrəmanlıq salnaməsi qorunmuş, örnək olaraq bugünki dövrümüzə qədər gəlib çıxmışdır. Beləliklə, 1918-ci il iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələri yaranmışdır.
Hazırda Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularındandır. Azərbaycan igidləri, Azərbaycan əsgərləri vətənpərvərliyi ilə dünyada seçilir. Səngər-əsgərin qorxu bilmədən, soyuqda da, istidə də, gecə də, gündüz də əsgərlərin sipər bildiyi ərazidir. Əsgərlər üçün Vətən səngərdən başlanır. Vətəni qoruyan əsgərlərimiz təxribat törədən düşmənin həmlələrinin, hücumlarının qarşısını mərdliklə alır-döyüşür. Döyüş kiminin müəyyən yaşını qeyd etdiyi, kiminin zamanının əbədi donduğu, ölümsüzləşdiyi yer. Bəzən iki dostun vidalaşması, “Vətən sağ olsun!” – deyərək son nəfəs almasıdır.
Azərbaycan əsgəri qaranlıq gecəni deyil, aydın səhəri düşünür. Əsgər ailəsindən uzaq olsa da, Vətənə daha yaxın olan, istəklərini, arzularını bir kənara atıb daha irəlini düşünən igid oğuldur. Əsgər xilaskardır. Hər bir uşağın gözündə böyüyən, cavanların, yaşlıların ümid bəslədiyi, duruşuyla qəlbləri sakitləşdirən oğul. Hər bir əsgər səngərlərin öz yatağı qədər rahat olmadığını bilir, ancaq Vətən sevgisi hər bir çətinlikləri yüngülləşdirir. Əsgər bir ailənin deyil, bütün xalqın oğlu, igidi, qəhrəmanıdır. Ordumuzun əsgərləri uğur yolunun yolçularıdır. Onlar Vətəni qoruyur, torpaqlarımızı işğaldan onlar azad edir. Azərbaycan əsgəri daim qələbə naminə atışır. Qətiyyətlə döyüşür, Ali Baş Komandanına, Vətən sevgisinə güvənir, şəhidliyə də hazırdır – təki Vətənə, Vətən torpağına zərər dəyməsin…
Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. “Öncə Vətəndir!” deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir!
Bəli, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, ordumuzun qüvvəti hesabına Azərbaycan güclü orduya malik olduğunu bir daha bütün dünyaya sübut etdi.
Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Onların hər kəlməsində Vətən var, Qələbə var.
Xalq da sizinlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs sizə xüsusi rəğbət bəsləyir. Siz Vətəni daha dərin sevgiylə sevirsiniz. Əlbəttə ki, bu Vətən sizindir, Azərbaycan əsgəri! Vətən sənindir. Vətəni sevirsən də, qoruyursan da.
Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var!
Yaşasın müzəffər Azərbaycan Ordusu!
Turanə Həsənli – Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.