Huquqaz.com

44 günlük Vətən müharibəsi xalqımızın gücünü göstərdi

31.05.2022
1.539
44 günlük Vətən müharibəsi xalqımızın gücünü göstərdi

44 günlük Vətən müharibəsi xalqımızın gücünü göstərdi

44 günlük Vətən müharibəsində xalqımız böyük Qələbə üçün bütün imkanları tam səfərbər etdi. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı sentyabrın 27-dən başlanan çətin yolun sonundakı Qələbənin, Zəfər salnaməsinin əsas leytmotivinə çevrildi.”

Tarixə qızıl hərflərlə yazılan Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyən Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə müharibə dövründə öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Vətən müharibəsində qazanılan Qələbə, milli birliyimizin Qələbəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər diplomatik uğuru, hər sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu Qələbəyə aparırdı. İllərlə zərrə-zərrə toplanan imkanlarımız “Dəmir yumruğ”a çevrilərək, Azərbaycan xalqına kəm baxan, torpaqlarımıza qənim kəsilən düşməni məhv etdi. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günün hər günü şanlı tarixə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad olundu. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət Zəfər çalsın.

Tarixi Qələbə Azərbaycan xalqının böyük milli potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı.

Biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq.

Mövlud Cəlilov,

Saatlı rayonu Günəşli kənd ümumi orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.