Müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir
Müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir
Ulu Öndər Heydər Əliyevin dediyi ki, ordu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür. Əslində 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdi. Silahlı Qüvvələri Günü kimi 26 iyun tarixinin seçilməsi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması ideyasına sadiq qalan və əvvəlki dövlət rəhbərliyindən fərqli olaraq bu varislik ideyanın möhkəmləndirilməsinin və qorunmasının xalqımız üçün mənəvi, siyasi-hüquqi əhəmiyyətini dərindən dərk edən dahi Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsəlman Korpusunun adının dəyişdirildiyi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırıldığı tarixin – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə fərman verib.
Azərbaycan Ordusunun inkişafı, modernləşdirilməsi, döyüş qabliyyətinin artırılması Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilib, ümumiyyətlə, ordu quruculuğu dövlət quruculuğunun prioriet istiqamətinə çevrilib. Son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənib, müasir infrastruktur yaradılıb, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Prezidentin rəhbərliyi illərində xüsusilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət öz bəhrəsini verib və biz hələ 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, qələbə əzmini bütün dünyaya göstərib. Həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss etmişdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər isə Azərbaycan ordusunun müvəffəqiyyət zirvəsini təşkil edir. Düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olması ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri başda olmaqla, hərbi analitiklər Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən istifadə olunan döyüş taktikasını dünya hərb tarixində yenilik hesab etməklə onun öyrənilməsinin vacibliyində həmfikirdirlər. Bu qüdrətli ordunu təşkil edən isə əlbəttə, vətənpərvər Azərbaycan əsgərləridir. Müzəffər Ali Baş Komandanın dəfələrlə fəxrlə vurğuladığı kimi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Dövlət də öz növbəsində hər zaman, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını qurban vermiş müharibə veteranlarına diqqət və qayğını ən yüksək səviyyədə həyata keçirir. Onların sağlamlığının bərpası, maddi təminatlarının yaxşılaşdırılması, mənzillə, avtomobillə təmin olunmaları, məşğulluq səviyyələrinin yüksəldilməsi Prezident başda olmaqla, hər bir dövlət məmurunun diqqət mərkəzində olan ən mühüm məsələlərdəndir.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru
Şərh yazılmayıb.