Füzuli şəhərində Özbəkistan höküməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır
Füzuli şəhərində Özbəkistan höküməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır.
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. İki dost ölkə arasında münasibətlərin daha möhkəmlənməsi və inkişafında böyük rol oynayan növbəti səfər iyunun 21-də baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Səfər zamanı ölkə başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud və geniş tərkibdə görüşləri olub, bir sıra tədbirlərdə iştirak ediblər. Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərin bərpası işlərində dost Özbəkistan dövləti də yaxından iştirak edir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaqdır.
Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi dövlət səfəri zamanı imzalanan ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Şərh yazılmayıb.