Huquqaz.com

Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub

27.12.2022
1.660
Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub

Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib.

Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

44 günlük Vətən müharibəsində dünya həm Azərbaycan ordusunun gücünü gördü, eyni zamanda, xalqımızın tarixi yaddaşının doğma torpaqlarımıza olan sevgini hər zaman qoruduğunun şahidi oldu. Heç vaxt Qarabağı görməyən uşaqlar, gənclər böyük sevinc və fərəh hissi ilə doğma yurda qayıtdığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da səbirsizliklə öz ata yurduna qayıdacaqları günü gözləyir. Bir an olsun, vətən, torpaq sevgisi bizi tərk etməyib.

Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə də söylədiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir: “Ermənistanın bu məsələni təlaşla qarşılaması təsadüfi deyil. Çünki onlar da anlayır ki, məhz tarixi Azərbaycan torpaqlarında özlərinə forpost, qondarma bir dövlət qurublar və Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir. Biz hər zaman öz haqqımız uğrunda mübarizə aparmışıq.

Ermənilər məqsədli şəkildə Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Bütün tarixi sənədlərdə qeyd olunur ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Ulu Öndər Heydər Əliyev də beynəlxalq tribunaladan hər zaman deyirdi ki, “…əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir”.

44 günlük Vətən müharibəsinin yaratdığı reallıqlardan biri də bu gün bizim Bala Göyçənin sahilində olmağımız, Göyçə gölünü görməyimizdir. Bu, hər bir azərbaycanlının arzusu idi, lakin eyni zamanda, inanmaqda çətinlik çəkdiyi məsələ idi. Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü sayəsində biz bu reallığı yarada bildik.

Hazırda eyni yanaşma Qərbi Azərbaycana qayıdışla bağlı olmalıdır. Dünya tarixi faktlarla daha yaxından tanış olmalı, soydaşlarımızın Qərbi Azərbaycana – öz ata yurdlarına qayıtma haqqının olduğunu anlamalı və qəbul etməlidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur

XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb.

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.
1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Fərmanda deyilir: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

Bundan sonra isə erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlayıblar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, toponimika tarixində misli görünməyən hadisə – qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduğu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı çıxışında demişdir: ”Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq

Artıq  Azərbaycan xalqı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz xalq–iqtidar birliyi hesabına qazandığımız böyük Qələbənin, tarixi Zəfərin qürurunu yaşayır.

İllərlə arzusunda olduğumuz gün gəldi, xəyallarımız gerçəkləşdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müqəddəs yurdumuz – Qarabağımız azadlığına qovuşdu. Başımızın üstündəki qara buludlar əbədi olaraq dağıldı. Üstümüzə gün doğdu, taleyimizə yeni həyat bəxş olundu. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə etdi. Qədirbilən xalqımızın müdrik rəhbərimizin ətrafında dəmir yumruq kimi birləşərək Zəfər salnaməmizi yazdığı 44 günlük Vətən müharibəsindən sonra diplomatik cəbhədə, informasiya savaşında və azad Qarabağdakı quruculuq cəbhəsində davam edən qələbələrimizin gətirdiyi ovqatla tarixi Zəfərimiz günü-gündən daha da möhkəmlənir. Qalib ölkənin qürurlu vətəndaşları kimi hər gün hansısa əlamətdar bir hadisəyə, tarixi bir məqama şahidik edirik. 30 il işğal altında qalan ərazilərimizdə qələbədən sonra miqyası heç bir ölçüyə sığmayan layihələr həyata keçirilir. Torpaqlarımıza yeni nəfəs gəlir, keçmiş məcburi köçkünlərin uzun illər boyunca məşəqqətlə keçən həyatlarında yeni ab-hava hökm sürür. Artıq şagirdlərimiz öz yurdlarında dərsə gedir, müəllimlərimiz doğma el-obalarında çalışmağın sonsuz qürurunu yaşayırlar. Bütün bunlar hər birimizin qəlbini fərəh və qürur hissləri ilə doldurur. Tarixi zəfərdən sonra azad edilmiş rayon və şəhərlərimizin baş planlarının təsdiqi, yaşayış məhəllələrinin təməlinin qoyulması insanların sabaha olan ümidlərini daha da artırır, keçmiş məcburi köçkünlərin illərlə həsrətində olduqları doğma yurd-yuvalarına əbədi qayıdışını günbəgün yaxınlaşdırır. Xüsusilə düşmənin xarabalığa çevirdiyi, heç bir infrastrukturun mövcud olmadığı ərazilərdə ən qısa zaman ərzində müasir dünya standartları səviyyəsində Füzuli Beynəlxalq Hava Limanının və Zəngilan Beynəlxalq Hava Limanının inşa edilib istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması Azərbaycan dövlətinin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Yaradılan Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, həmçinin bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Qərbi Azərbaycan İcmasının inzibati binasında nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıbdır. Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Azərbaycan Prezidentinin görüşü tarixi bir hadisədir. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanla bağlı söylədiyi tarixi faktlar var ki, bu faktlar əsaslı bir şəkildə ziyalılarımızın tarixdə saxtalaşdırılmış müəyyən məsələlərə yeni gözlə baxmasını və onların doğrusunu ortaya çıxarmasını tələb edir. Bir neçə il öncə Prezidentin özü də söyləmişdir ki, bizim İrəvan şəhəri Azərbaycan cümhuriyyətinin ilk günlərində ermənilərə güzəştə gedilib. Bu da çox böyük bir xəyanətdir. Eyni zamanda ermənilərin Cənubi Qafqaza köçürülməsi, ermənilərin tarixi vətənləri ilə bağlı elmi məlumatlar mövcuddur. Ermənilərin vaxtı ilə Qərbi Azərbaycan ərazilərində yaşaması iddiaları  erməni mifologiyasıdır. Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması, bunun ardınca onların torpaqlarımızı işğal etmək fikrinə düşməsi və öz hamiləri sayəsində bu mənfur arzularını gerçəkləşdirmələri real tarixdir və bu tarix yazılmalıdır.  Prezident cənab İlham Əliyev bu görüşdə çox mühüm bir faktı da xatırlatdı. Bir vaxtlar azərbaycanlıların yaşadığı indiki Ermənistan adlanan ərazidən onların müxtəlif illərdə deportasiya olunması faktları məlumdur. Həmçinin, o da məlumdur ki, bu gün Göyçə, Vedi, Dərələyəz kimi kəndlərimizdə ermənilər yaşamırlar. Yəni həmin ərazilərdə vaxtı ilə Azərbaycanlıların yaşadırları kəndlər boşdur, onlaı xaraba qoyublar. Bu da azərbaycanlılarin Qərbi Azərbaycandakı torpaqlarına qayıtmasını labüd edir. Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas strateji məqsəd də məhz bu qayıdışın təmin edilməsidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

Şərhlər

Şərh yazılmayıb.