“Moskva gözünü Türkiyəyə və Azərbaycana dikib” – Anar Əsədli
“Enerji təhlükəsizliyi problemi isə bu gün dünyada qlobal siyasətin mühüm tərkib hissəsidir və Türkiyə ilə Azərbaycanın bu prosesin içində müəyyənedici faktor olması hər bir halda bizi qlobal diplomatik masalarda güclü edən amildir”.
Bu sözləri Rusiyanın “Şimal axını”ndan göndərilə bilməyən təbii qazı Qara dəniz vasitəsilə göndərə bilməsi, hətta Türkiyədə Avropa üçün təbii qaz qovşağı yarada bilməsi ilə təklifini dəyərləndirən Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Huquqaz.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, son illər istər Qara dəniz, istərsə də Aralıq dənizində kəşfiyyat işlərini intensivləşdirən Türkiyə dövləti tapılmış potensial qaz yataqlarından özü də qaz istehsalçısına çevriləcək:
“Türkiyə hazırda regional bir güc hesab olunur. Lakin qlobal siyasətdə baş verən son olaylar, Ukrayna-Rusiya müharibəsi fonunda bəzi güc mərkəzləri arasında dalana dirənən diplomatik danışıqlar, bunu aradan qaldırmaq məqsədilə Türkiyənin milli və strateji maraqlarını əldə rəhbər tutaraq beynəlxalq vasitəçilik missiyasını düzgün istifadə etməsi, üstəlik də soyuq qış mövsümünə doğru təbii qaz məsələsinin daha qabarıq bir problem olaraq bir çox ökəni narahat etməyə başlaması və belə bir vaxtda Türkiyənin qlobal miqyasda təbii qaz tranziti mərkəzinə çevrilməsi, istər siyasi, istərsə də iqtisadi planda onu daha da güclü edən faktorlardır. “Şimal axını-2″ qaz kəmərinin partladılaraq sıradan çıxarılması, ardınca Rusiyadan Avropaya uzanan digər qaz kəmərlərinə qarşı da ciddi təhdidlərin olduğu bir vəziyyətdə Moskva mümkün variantlardan biri kimi, öz mavi yanacağını Türkiyə üzərindən satmaq barədə düşünür.
Avropanın təbii qaza olan illik tələbatı 530 milyard kubmetrdir və bunun da demək olar ki, 180-200 milyard kubmetrini Rusiya təmin edir. 24 fevraldan bu yana illik qaz satışında azalma müşahidə olunsa da, yenə də Rusiya Avropaya qaz satışında dominant mövqeyə sahibdir. Elə bu səbəbdəndir ki, bir çox Şərqi Avropa ölkələri Ukrayna ilə ədalətsiz müharibə fonunda Rusiyaya qarşı münasibətdə sərt addımların atılmasında tərəddüd edirlər. Sərt qış aylarında istiliksiz qalan avropalıların öz hökumətlərinə qarşı hansı siyasi duruşu nümayiş etdirəcəkləri isə hələ bəlli deyil.
Son illər baş verənlər bir daha bizi əmin etdi ki, regionda və qlobal miqyasda söz sahibi olmaq üçün kifayət qədər güclü olmaq lazımdır. Güclü olmaq həm iqtisadi, həm də hərbi-siyasi aspektdən önəmlidir. Bundan ötrü qitələrarası nəqliyyat-kommunikasiya, tranzit yolları, vacib dəniz limanları və hava limanları infrastrukturlarına sahib olmaq, işlək netf-qaz kəmərləri, qitələrarası optik kabellərin keçdiyi ərazilərə nazarət etmək baxımından üstünlüklər əldə etməlisən ki, bu da nəticə etirabrilə Türkiyəni və Azərbaycanın nəinki öz coğrafiyalarında, həmçinin daha qlobal miqyasda əhəmiyyətini artırmaqdadır”.
Türkiyə-Rusiya iqtisadi münasibətlərinin yaxınlaşmasının Azərbaycana mümkün təsirlərinə də toxunan Anar Əsədli vurğulayıb ki, Türkiyənin istər Rusiya, istərsə də başqa ölkələrlə iqtisadi münasibətlərinin Azərbaycana yalnız müsbət təsirləri ola bilər:
“Enerji təhlükəsizliyi problemi isə bu gün dünyada qlobal siyasətin mühüm tərkib hissəsidir və Türkiyə ilə Azərbaycanın bu prosesin içində müəyyənedici faktor olması hər bir halda bizi qlobal diplomatik masalarda güclü edən amildir. Azərbaycanla hərbi-siyasi müttəfiq olan Türkiyənin getdikcə qlobal miqyasda daha əhəmiyyətli mövqeyə çıxması, xüsusilə təbii qazın nəqli məsələsində önəmli mərkəzə çevrilməsi persperktivləri tamamilə realdır. Qərblə düşmən olan Rusiyanın mavi yanacağının bu gün ən etibarlı marşrut olan Türkiyə üzərindən keçməsi rəsmi Bakı ilə Ankaranın gerçəkləşdirdiyi TAP, TANAP qaz boru kəmərləri vasitəsilə mümkündür. Bunun isə təbii olaraq, Azərbaycan üçün də müəyyən dividentləri olacaq. Güclü Türkiyə isə güclü Azərbaycan deməkdir.
Bu gün Mərkəzi Asiya ölkələrinin sahib olduğu qaz rezervləri, İran qazının Avropaya nəqlinə dair razılaşmalar Türkiyəni, eyni zamanda Azərbaycanı Qara Dəniz hövzəsi, Cənubi Qafqaz və Xəzər dənizi hövzəsində güclü dövlətə çevirən mühüm amillərdir. Fakt budur ki, hazırda bölgədə geosiyasi və geoiqtisadi gündəliyi Ankara və Bakı müəyyənləşdirir. İş elə gətirib ki, artıq Moskva da gözünü Türkiyəyə və Azərbaycana dikib”.
Şərh yazılmayıb.