Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.
Bu gün həm Azərbaycanın, həm də Türkiyənin şəhər və bölgələrində, küçə və meydanlarında qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının görüntüsü hər birimizin qəlbini qürur və iftixar hissi ilə doldurur. Bu gün artıq Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri beynəlxalq hüquqa uyğun qaydada tam rəsmiləşdi. Bundan sonra ölkələrimiz bir-birinin təhlükəsizliyini təmin edəcək, ordu quruculuğu işində və müdafiə sənayesinin inkişafı kimi məsələlərdə daha sıx, daha səmərəli əməkdaşlıq edəcəklər. Bu isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətinin daha da artmasına səbəb olacaq. Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin etdi. Prezident İlham Əliyevin də dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərini həyata keçirir. İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Artıq bütün dünya anlamalı və qəbul etməlidir ki, Azərbaycan bu reallıqların hər hansı bir şəkildə təhrif olunmasına heç zaman yol verməyəcək. Bu gün artıq Azərbaycan tərəfindən ölkəmizi Türkiyə ilə dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülüb və bu işlər indi də davam etdirilir. Zəngəzur dəhlizi getdikcə reallığa çevrilir və geosiyasi əhəmiyyətə malik olan bu nəqliyyat layihəsinin reallaşmasını hər hansı bir qüvvənin əngəlləməsi artıq tamamilə qeyr-mümkündür.
Vəfa Xəlilli – Zərdab rayon “Gəncliyə dəstək” İB-nin sədri
Şərh yazılmayıb.