Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu.
Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
2022-cu ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında Prezident İlham Əliyev ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırmışdır: “İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”.
Sağlam cəmiyyət hər bir dövlətin əsas məqsədidir. Dövlətimiz tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Odur ki, hər bir vətəndaş da idmanın kütləviləşməsi işinə öz töhvəsini verməyə çalışmalıdır.
Kəmalə Məmişova – Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbinin direktoru
Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur.
Hər il müxtəlif beynəlxalq yarışların məhz Azərbaycanda keçirilməsi inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə müsbət imic qazandırıb. Bu gün ölkədə böyük sürətlə kütləviləşən müxtəlif idman növləri gənclərimizi daha böyük qələbələrə ruhlandırır.
Ölkəmizdə idman strukturunun yenidən qurulması, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda yeni-yeni idman obyektlərinin, inşa edilməsinə başlanılması bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə cənab Prezident İlham Əliyev çıxış edərək qeyd etmişdir ki, “Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir”. Prezident İlham Əliyev çıxışında ölkəmizdə bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleks yaradıldığını, bu prosesin davam etdirildiyini qeyd etmişdir.
Cənab Prezidentin həyata keçirdiyi siyasət ötən hər il ərzində daha böyük uğurların qazanılmasına təkan verib. Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Azərbaycan idmançıları ağırlıqqaldırmanın pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş, karate və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar.
İdman gənclik, sağlam həyat tərzi, gümrahlıq deməkdir. İdmanın əhəmiyyəti, istər ölkə daxilində, istərsə də ölkə xaricində çox böyükdür. İdman fiziki sağlamlıqdır, ölkəni tanıtmaqdır, yeni-yeni rekordların qazanılmasıdır. Son illər dövlətin gənc idmançılara göstərdiyi diqqətin əhəmiyyətli dərəcədə artması gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir göstərir. Gənc nəsil Azərbaycan himninin dünya ölkələrində oxunması zamanı qürur duyur. Bunun özü böyük göstərici sayılmalıdır. Onlar idmanda uğur qazanmaqla yanaşı, ölkənin şöhrətini dünya miqyasında tanıdırlar.
Gülnar Musayeva – Zərdab rayon Körpükənd kənd tam orta məktəbinin müəllimi
Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar
Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində öz fəallığı ilə seçilir, yeniliklərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan gənclərinin bir çox sahələrdə olduğu kimi, idman sahəsində də uğur qazanması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bildiyimiz kimi, gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət dövlət başçımız İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın vacibliyini qeyd etməsək olmaz. Azərbaycan gəncləri üçün həlledici sınaqlardan biri də Vətən müharibəsi oldu. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunmasında idmançı əsgər və zabitlərimizin xüsusi rolu olmuşdur. Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək bayrağımızı yüksəklərdə dalğalandıran idmançılarımız, 44 gün ərzində davam edən döyüşlərdə böyük şücaət və mərdlik göstərərək, üçrəngli, müqəddəs bayrağımızı doğma Qarabağımızda dalğalandırdılar. Bununla da Azərbaycan gəncliyinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdilər.
Bugün ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək göstərməsi, onları daha da ruhlandırır. Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı günü-gündən artmaqdadır.
2023-cü ilin 9 yanvar tarixində Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış etmişdir. Çıxış zamanı cənab Prezident qeyd etmişdir ki, “Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”.
Qalib ölkənin qalib gəncləri olaraq inanırıq ki, qarşıda idmançılarımızı daha böyük yarışlar və qələbələr gözləyir. Biz Birlikdə güclüyük!
Rəşad İsmayılov – Salahlı kənd ümumi orta məktəbinin direktoru
Azərbaycan idmanının inkişafı ardıcıl xarakter daşıyır
Hələ eramızdan iki min il əvvəl Azərbaycanda tunc alətlərin işləndiyi vaxtlarda insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir. 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumtlar verilir. Eradan 9-6 əsr əvvəl yaradılmış “Avesta” kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur. Bu baxımdan dünya şöhrəti qazanmış görkəmli mütəfəkkirlərimizin əsərələrini, folklor materiallarını araşdırdıqca xalqımızın hələ qədim dövrldərdən fiziki tərbiyəyə böyük önəm verdiyinin şahidi oluruq.
Hazırda da ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Cənab Prezident İlham Əliyev idman yekunlarına həsr olunan mərasimdə çıxışında qeyd etmişdir ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.
Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Rövşən Bəkirov – Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır
Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda hərtərəfli idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər müasir idman obyektləri ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin, 2021-ci ildə futbol üzrə Avropa çempionatının müəyyən mərhələlərinin yüksək səviyyədə təşkil olunması ilə nəticələndi. İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünə inamıdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir,- deyən Prezident İlham Əliyevin bu dəyərli fikirlərinə istinadək demək olar ki, bəli, idman sağlamlıqla yanaşı, həm də özünəinamı, eyni zamanda qorxmazlığı, əyilməzliyi, igidliyi özündə ehtiva edir. Bugünkü gəncliyin yüksək vətənpərvərlik keyfiyyətinə malik olmasında bu sahəyə göstərilən diqqət və qayğı öz sözünü deyib.
Çinarə Fərəcova – Zərdab şəhər 1 saylı-məktəb liseyin müəllimi
İdmana dövlət dəstəyi
Ölkəmizdə bütün sahələr kimi idmanın inkişafına da böyük önəm verilir. Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Dövlət başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Möhtərəm Prezidentimiz , Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə, Azərbaycan digər sahələrdə olduğu kimi , idman sahəsində də böyük uğurlara imza atmışdır. Artıq dövlətimiz tərəfindən Qarabağda abadlıq, quruculuq işləri yüksək sürətlə həyata keçirilir. İnanırıq ki, növbəti idman kompeksləri işğaldan azad olunmuş torpaqlarımızda inşa ediləcəkdir.
Səliqə İsmayılova – Zərdab şəhər 1 saylı məktəb liseyin dil-ədəbiyyat müəllimi
Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır
İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, eyni zamanda insanda ruh yüksəkliyi yaradır, insanın çevik və dözümlü olmasına səbəb olur. İdman, insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. İdmanla məşğul olan insanlar daha intizamlı olurlar. Onlar xarici görünüşcə daha yaxşı görünür və özlərini daha yaxşı idarə edirlər. Bundan əlavə idman insanda kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini yüksəldir. İdmanla məşğul olan insanlarda adıçəkilən bu hisslər daim yüksək olur. İdman insanı tək fiziki deyil, eyni zamanda ruhi cəhətdən də tərbiyələndirir. İdmanla aktiv məşğul olan millət – sağlam bir millətdir.
Bu baxımdan, dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılmışdır. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standartlarına uyğun idman kompleksləri, hər il yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Ölkəmizin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarında və olimpiya oyunlarında iştirak edirlər. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Cənab Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.”
Röya Əlisurətli – Zərdab rayon Körpükənd kənd tam orta məktəbin müəllimi
İdman ölkəsi
Xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə resurslarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Həmçinin çoxlu sayda idmançı gənclər ölkəmizin idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur. Təkcə bir faktı qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunları ilə idmanda Azərbaycan modeli yaradıldı və növbəti yarışlarda bu təcrübədən istifadə tövsiyə olundu.
Cənab Prezident İlham Əliyevin fəaliyyəti dövrünə nəzər saldıqda görürük ki, XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəli aparır. Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirmiş, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı əldə rəhbər tutan Prezident İlham Əliyev Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır.
Aqşin Əliyev – Xasa kənd ümumi orta məktəbinin fiziki tərbiyə müəllimi
İşğaldan azad edilmiş bölgələrdə idman qurğularının yaradılması nəzərdə tutulmuşdur
Ağdamda yerləşən “İmarət”stadionun layihəsi işlənilir. Böyük qayıdış bütün sahələrdə olduğu kimi idman sahəsində özünü göstərməkdədir. Ənənəvi idman sahələrinin Qarabağ regionununda dirçəldilməsi böyük idmanı yenidən dircəldəcəkdir.
Belə ki, milli qəhrəman şəhid Əliyar Əliyevin vaxtı ilə zirvələrə qaldırdığı güləş idman növündə inanırıq ki, Qarabağ yeni pəhləvanlar yetişdirəcək. Avropa səviyyəsində ölkəmizi layiqincə təmsil edən Ağdamın Qarabağ futbol klubu yeni uğurlu tarixini “İmarət “də yazacaq və Avropa komandalarını doğma Ağdamda qarşılayacaq. Hər sahədə olduğu kimi idman sahəsində də ali baş komandan cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük uğurlarını davam etdirəcəkdir.
Yaşasın Ali Baş Komandan, yaşasın müstəqil Azərbaycan Respublikası!
Rasif Qaçayzadə – Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru
Şərh yazılmayıb.