Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu,dayanıqlı inkişafının təməlini qoydu
Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu,dayanıqlı inkişafının təməlini qoydu.
Ulu öndər Heydər Əliyev millətin mənəvi və əxlaqi dayağı kimi, onun sosial yaddaşının mühafizəçisi və mənbəyi olan tarixin ən yüksək rolunu vətənpərvərliyin, vətən amalının formalaşmasında görürdü. Tarixi unutqanlıq millətin ruhunu öldürür, onun şərəf və ləyaqətinə ziyan vurur. Milli tariximizi bilmədən, keçmişimizə pozitiv yanaşmadan, tarixən itirdiklərimizi tənqidi dərk etmədən və əldə etdiklərimizin qədrini bilmədən, eynilə də tarixi hadisələr və faktlardan razılıq hissi, yaxud məyusluq keçirmədən özündə vətənpərvərlik duyğusunu tərbiyə etmək, ulu babalarımızın pak adını və nəcib işlərini təhriflərdən və qarayaxanlardan qorumaq mümkün deyil. Özünün ictimai görüşlərində Heydər Əliyev belə bir düzgün metodoloji nəticəyə gəlir ki, özünüdərk çərçivəsində millət Vətən tarixinin bütün mühüm tarixi fakt və hadisələrinə yetkin vətəndaşlıq münasibətini müəyyənləşdirməli, tarixi prosesin məntiqinə ardıcıl riayət edərək dəyərlərə yeni düşüncə mövqeyindən baxmalı, özü də tarixə heç bir siyasi məqsədəuyğunluq ünsürləri daxil etməməlidir. Elə buna görə də təsadüfi deyil ki, özünün müstəqillik konsepsiyasında vətənin taleyi üçün məsuliyyət hissini mühüm struktur elementi kimi təqdim edir. Ulu öndər deyirdi: “Biz, yəni Azərbaycan xalqı, böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq. Hər bir azərbaycanlı əgər onun qəlbində doğrudan da azərbaycanlı hissiyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa bu yolla getməlidir”. Ölkəmizin ərazisində yaşayan hər bir millət və xalq vətən qarşısındakı vəzifəsini aydın dərk edib öz fəaliyyətini onun çiçəklənməsinə istiqamətləndirməlidir. Çünki Azərbaycan Respublikası onların hamısı üçün vətən ocağıdır. Heydər Əliyev vətənçilik və vətənpərvərlik ideyalarının müstəqil Azərbaycanın gənclərinin düşüncəsində möhkəm yer tutmasının müstəsna əhəmiyyətini qeyd edirdi. Ulu öndərin “Vətəndaş – Milli Ordu – müstəqillik” triadası mühüm əxlaqi mahiyyət daşıyır. O, xalqını inandıra bilmişdi ki, güclü Milli Ordunun yaradılması müstəqilliyin ləyaqət və şərəf işidir.Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini ən yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasıdır.
Zərdab rayon Çallı kənd tam orta məktəbin direktor müavini Ariz Pənahov
Şərh yazılmayıb.