Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir
Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir.
Azərbaycanın çoxtərəfliliyə sədaqətinin ən bariz nümunələrindən biri isə Qoşulmama Hərəkatına edilmiş uğurlu sədrlik dönəmidir. 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq hələ də təqdir edilməkdədir. 2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammitindən sonrakı müddətdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan üzv ölkələr tərəfindən iki dəfə yekdil fikirlə dəstəklənib – həm sədr seçkisi zamanı, həm də sədrlik müddətimiz uzadılan zaman. Bu platforma Azərbaycanın qlobal müstəvidə oynaya biləcək mühüm rolu bütün dünyaya nümayiş etdirdi – Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal əhəmiyyətli çox mühüm təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər həm Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə, həm də bu beynəlxalq təsisatın müasir dünya siyasətində funksional aktor kimi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə olub. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafına göstərdiyi dəstək, qlobal müzakirələrdə bütün dövlətlərin maraqlarının nəzərə alınması prinsiplərinin qorunması kimi mühüm nüansların tərəfdarı olması bu təşkilatın nüfuzunun da artmasına yol açıb. Bu, isə ölkəmizə yüksək inam və etimadın təzahürü kimi təqdim edilməli amildir. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik: “O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb. Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək. Çünki hazırda dünyaya nə lazımdır, bəzi böyük ölkələr bu və ya digər qütbə aid deyil, onların öz hüquqları və öz maraqları var. Onların bəzilərinin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz.
Beləliklə, Azərəbaycan qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulmasını təşviq edir. Çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən nəsnədir – Azərbaycan bu ülvi dəyərlərin inkişafını hər zaman üstün tutur. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır.
Bahar Qurbanova Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi
Şərh yazılmayıb.