Huquqaz.com

YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır

01.03.2023
1.657
YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır

YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq, ən şərəfli səhifələrindən biridir. Yarandıqdan qısa müddət sonra xalqın yekdil dəstəyi ilə iqtidar partiyasına çevrilən YAP müstəqil Azərbaycanın tarixində davamlı uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyası yaranandan təxminən altı ay sonra partiyanın yaradıcısı və sədri Ümummilli Liderimiz Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Əvvəlcə ölkədəki böhran, qeyri-sabitlik aradan qaldırıldı, aparılan geniş və hərətəfli islahatlar, düşünülmüş siyasət böyük inkişafın başlanğıcı oldu. Bu düşünülmüş, uğurlu siyasət nəticəsində böyük nəticələr əldə olundu. Məhz bu möhtəşəm siyasət nəticəsində Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu. Yeni Azərbaycan Partiyasının həyatında baş verən mühüm hadisələrdən biri partiyanın VII qurultayı olmuşdur. 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda partiyamızın Sədri, Prezidentimiz İlham Əliyev ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident cənab İlham Əliyevin uğurlu islahatlar siyasətinin davamıdır. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının fəaliyyəti yalnız ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. YAP bundan sonra da ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində özünün xarici əlaqələrini genişləndirməyi nəzərdə tutur. Çünki beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu vacib amili diqqət mərkəzində saxlayan partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.  Yeni Azərbaycan Partiyasının xarici əlaqələri bu gün uğurla davam edir. Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır.  Yeni Azərbaycan Partiyasının həmçinin Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. Bütün bunlar bir daha nümayiş etdirir ki, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verir.

Yeni Azərbaycan Partiyası ən sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə həm Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlığı mövcuddur.

Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, YAP fəaliyyət göstərdiyi müddətdə həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb və hazırda bu proses uğurla davam etməkdədir. Bu əlaqələr həm də belə bir əminlik yaradır ki, ümumxalq partiyası olan YAP bundan sonra da özünün xarici əlaqələrini ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirəcək.

 

 

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi – Səidə Tağıyeva

Şərhlər

Şərh yazılmayıb.