TÜRK DÜNYASININ BÖYÜK OĞULLARI
TÜRK DÜNYASININ BÖYÜK OĞULLARI.
TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən sərgi bu festivalın özü qədər əzəmətli və faydalı olub. Azərbaycanın qocaman elm və təhsil müəssisələrinin, ayrı-ayrı dövlət qurumlarının bu tədbirə hazırlıq səviyyəsi festival çərçivəsində həyata keçirilən müsabiqələrdə özünü göstərdi. Bu məqamda Prezidentimiz cənab İlham Əliyevin festivaldakı çıxışında səsləndirdiyi fikirləri təqdim edək: “Nobel mükafatı laureatı hörmətli Əziz Səncər də “TEKNOFEST”in hörmətli qonağı qismində təşrif buyurub. Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman – Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam – Şuşanı da gördüm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.
Bu gün, eyni zamanda, Selçuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.
Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Nəzərə alanda ki, “TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi əldə rəhbər tutan bir ideya, ruhdur, bu halda gələcəkdə dostluğumuzun, qardaşlığımızın daha da möhtəşəm olacağını artıq indidən aydın görür və bundan qürur hissi keçiririk. Hər bir inkişafın, tərəqqinin təməlində bilik, yeni texnologiyalar, yeni ideyalar dayanır. İki qardaş ölkələrimiz daim yeniliyə, müasirliyə meyil göstərərək hər bir yeni təcrübənin tətbiqi fonunda dayanıqlı inkişafı ilə diqqətdə olur. Dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən yolun təhlili əsasında səsləndirdiyi “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Qardaş Türkiyənin dövlət başçısı özünün şəxsində bildirdi ki, fəaliyyətində həmişə Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiəsinə çalışıb, Azərbaycanın müstəqil siyasətini təqdir edib. İki ölkənin liderlərinin qardaşlığı Türkiyə və Azərbaycan xalqlarına örnəkdir. Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər “TEKNOFEST Azərbaycan”da çıxışı zamanı bildirib ki, “Mən məmləkətimiz deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam”.
Zərdab rayon Məlikumudlu kənd tam orta məktəbin direktoru-Ənvər Abdullayev
Şərh yazılmayıb.