Huquqaz.com

Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır

18.10.2022
2.280
Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır

Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçünAzərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib.Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. Gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsiənənəsi formalaşdırılmışdır.Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyət davam etdirilir. 6 noyabr 2005-ci il, 7 noyabr 2010-cu il, 1 noyabr 2015-ci il və 9 fevral 2020-ci il tarixlərində keçirilmiş parlament seçkiləri ölkədə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildəmüxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunublar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər.11 siyasi partiyanın (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Birlik Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası) VI çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür. Ölkənin beynəlxalq nüfuzunu artıran “Yumşaq güc amili”. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi bir əlamətidir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti dövründə dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülmüşdür. Ötən müddət ərzində 32 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilmişdir. Həmçinin uzun fasilədən sonra 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilmişdir.Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər kontekstində müxtəlif media qurumları ilə yaradılmış əməkdaşlıq əlaqələri də qeyd olunmalıdır. Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə “Azərbaycan”, “İki sahil”, “Yeni Azərbaycan” və “525-ci” qəzetlərdə dövlət siyasəti barəsində müxtəlif siyasi partiya liderlərinin mülahizələri dərc edilir. Sadalananlar Azərbaycanda siyasi dialoq mühitinin inkişafına töhfə vermiş real nümunələrdir. Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 birgə müraciət imzalanmışdır. Bundan başqa, 2021-ci il 17 mart tarixində ümumilikdə 75 nəfər olmaqla 48 siyasi partiya nümayəndəsi, politoloqlar, habelə media təmsilçilərinin iştirakı ilə Ağdam şəhərinə səfər təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə 2021-ci il 7 oktyabr tarixində 43 siyasi partiyanın rəhbər və nümayəndələri, politoloqlar, habelə media təmsilçilərinin – ümumilikdə 90 nəfərin iştirakı ilə təşkil olunan səfər də bu qəbildən olan növbəti tədbirdir. Həmçinin, 2022-ci il 24 iyun tarixində ümumilikdə 82 nəfərin (o cümlədən 40 siyasi partiyanın rəhbərləri və nümayəndələri, həmçinin politoloqlar və media təmsilçiləri) Zəngilan rayonuna səfəri təşkil olunmuşdur. Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir. Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur.

 

Məmmədhəsən Mənsimov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.