AVROPA İTTİFAQI AZƏRBAYCANIN ƏSAS TİCARƏT TƏRƏFDAŞIDIR
AVROPA İTTİFAQI AZƏRBAYCANIN ƏSAS TİCARƏT TƏRƏFDAŞIDIR
Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini, əməkdaşlığını dövlət və xalqın maraqları çərçivəsində qurur. BMT, ATƏT, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla olan münasibətlərdəki ölkəmizin qətiyyətli mövqeyi və nüfuzu daim milli maraqlarımızın qorunmasına və təmin edilməsinə əsas yaradıb. Bu kontekstdə Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələri də istisna təşkil etmir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Hətta Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malik olan Azərbaycanın İttifaqın üzvü olan doqquz ölkəsi ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Eyni zamanda Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynayır, ölkəmiz Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir. Nəhəng nəqliyyat infrastruktur layihələri isə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. Eləcə də Azərbaycanın ticarətinin 40 faizi Avropa İttifaqı ilə aparılır.
Həmçinin, enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Məhz, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsindən sonra Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Şübhə yoxdur ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Bu, eyni zamanda, onu nümayiş etdirir ki, Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi arzusundadır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi– Nicat Əhmədzadə
Şərh yazılmayıb.