Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər
Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər.
Qurtuluşa aparan yolun ilk pilləsi. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmiz çox keşməkeşli dövrünü yaşayırdı. Bir tərəfdən torpaqlarımızın bir qismi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş, digər tərəfdən bunun cəmiyyətdə yaratdığı süstlük, iqtisadi-siyasi böhran, vətəndaş qarşıdurması, siyasi qüvvələr arasında hökm sürən hərc-mərclik, qeyri-peşəkar idarəetmə Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Yenicə qazanılan müstəqillik itirilmək təhlükəsi ilə üz-üzə idi.Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət, atdığı addımlar da gələcəyə hesablanırdı. O, müstəqil Azərbaycan dövlətinə rəhbərlik missiyasını üzərinə götürəndə də sosial-iqtisadi problemlər məngənəsində boğulan, vətəndaş müharibəsi, parçalanma təhlükəsinin bircə addımlığına gəlib çatmış, insanlarının sabaha heç bir ümidi qalmamış, müharibə şəraitində yaşayan və mənfur Ermənistan tərəfindən torpaqlarının xeyli hissəsi işğal olunmuş bir ölkəni təhvil almışdı. Belə çətin və həlledici dövrdə ölkənin və xalqın gələcəyinə görə məsuliyyəti üzərinə götürmək bir dövlət xadimi üçün həddən artıq riskli qərar idi. Amma Heydər Əliyev bunu etməyə bilməzdi, çünki onu xalq çağırırdı. Azərbaycanın üzləşdiyi bəlalardan qurtuluşu üçün yeganə xilas yolunu onun qətiyyətində, siyasi təcrübəsində, idarəçilik bacarığında görürdü. Heydər Əliyev Azərbaycanın taleyi naminə bu missiyanı üzərinə götürdü və xalqın dəstəyinin verdiyi güclə ölkəni qısa müddətdə ağır sınaqlardan çıxararaq inkişaf yoluna yönləndirdi.
Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu. Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O, bu çətinliyi hər kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub-saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezident seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına güclü stimul vermişdi. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur.
Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir gücündə idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa bu kimi cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi. İstedad və iradə, özünə qarşı tələbkarlıq və mütəşəkkillik, peyğəmbər uzaqgörənliyi və sərkərdə şücaəti bu böyük şəxsiyyətin ali keyfiyyətləri idi.
Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi. Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ümummilli lider Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı ölkə başçımız cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaq görənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.
Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova
Şərh yazılmayıb.