“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisədir
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisədir.
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi.23 ölkədən gəlmiş 40 nəfər nümayəndənin iştirakçılığı ilə keçirilən konfransa ev sahibliyini edən ADA Universiteti tədbiri “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil etmişdir.Aprelin 28-də xarici iştirakçılar Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etmiş, onlar azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış olmuşlar. Səfər zamanı qonaqlarımız, həmçinin erməni işğalından sonra miras qalan bəzi barbar dağıntıları görə bilmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda çıxış edərək dedi:-“Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur”.
Azərbaycanın rəhbəri bu gün yalnız öz ölkəsi yox, regionun problemlərini də öz çiyninə götürmək və onu müvəffəqiyyətlə həll etmək iqtidarındadır. Ona görə də ermənilər vaxtında seperatizm mövqelərindən çəkinməlidirlər. Çünki onların bu mövqeyi onsuz da onları elə 30 il arxaya salıb. Bu gün ermənilər düşünməlidir ki, yaxın vaxtlarda bizim tarixi torpaqlarımıza sahibləri-həmvətənlərimiz qayıdacaqlar. Bu zaman isə həmin ermənilərin başqa seçimi olmayacaq. Ya qonşuluq formasında yaşamaq, ya da köçüb getmək. Ancaq son hadisələr onu göstərir ki, bəzi ermənilər də anlayıb ki, onların normal həyat yaşaması üçün yeganə yer Azərbaycandır. Ona görə də vaxtında düzgün qərar verməlidirlər. Prezidentimiz cənab İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bir çox önəmli məsələlərə toxundu. Bu da həm Ermənistan, həmçinin də digər dünya ölkələri üçün bizim mövqeyimizi çox əhatəli bir formada ortaya qoydu.
Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Əgər sülh müqaviləsi imzalanarsa və təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.
Prezidentimiz bildirib ki, Şuşa Bəyannaməsi dünyaya mesajdır. Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”. Bu sözləri də dövlət başçısı konfransda çıxış edən zaman bildirmişdir.
Zərdab rayonu, Bıçaqçı kənd tam orta məktəbinin direktor əvəzi- Kəmalə Məmişova
Şərh yazılmayıb.