CƏBRAYIL SAKİNLƏRİNİN ƏZƏLİ VƏ ƏBƏDİ TORPAQLARINA GERİ QAYIDIŞI MÜBARƏK OLSUN!
CƏBRAYIL SAKİNLƏRİNİN ƏZƏLİ VƏ ƏBƏDİ TORPAQLARINA GERİ QAYIDIŞI MÜBARƏK OLSUN!
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 4 oktyabr Cəbrayıl Şəhəri Günündə bu şəhərdə inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən cəbrayıllılara mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı bu münasibətlə keçirilən mərasimdəki çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun qəhrəmanlığından, şücaətindən geniş bəhs etdi, 44 günün hər gününün tariximizin Zəfər səhifəsi kimi yaddaşlarda qalacağını bildirdi. Vurğuladı ki, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltdi. Cəbrayıl azad olunduqdan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirildi. Hadrud əməliyyatı da çox böyük peşəkarlıqla həyata keçirilən əməliyyat idi. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi. Bu mühüm strateji əhəmiyyətli yaşayış məntəqəsini azad etmək üçün qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idilər və bunu edə bildilər. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatdı və yolumuz Şuşaya, Zəngilan və Qubadlı istiqamətinə açıldı. Müzəffər ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getdi və döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad etdik. Bütövlükdə 300-dən çox şəhər, kənd və qəsəbə döyüş meydanında azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Qalib, bütövləşən və yeni dövrə qədəm qoyan Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar əsasında sözünün imzası qədər əhəmiyyətli olduğunu atdığı addımları, səsləndirdiyi çağırışları ilə təsdiqləyir. Son dörd ilin qürurverici hadisələrindən biri də odur ki, bu çağırışların səsləndiyi məkanlar sırasında işğaldan azad edilmiş ərazilərimiz də var. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri bu torpaqlara Böyük Qayıdışın daha da sürətləndirilməsi məqsədilə atılan addımların ardıcıllığı ilə yanaşı, buradan verdiyi mesajlarla da zəngin olur. Dövlət başçısı cənab İlham Əliyevin Cəbrayıl şəhərində keçirilən mərasimdəki çıxışında mövcud reallıqlar geniş təhlil edildi və bu məkandan Ermənistana, onun yeni dəstəkçilərinə çiddi mesajlar ünvanlandı. Prezident İlham Əliyev Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiyanın tətbiq edilməməsini xüsusi vurğuladı. “Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir” söyləyən Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Ermənistanın havadarları müharibəni uduzduğumuzu, bununla barışmalı olduğumuzu bildirirdilər. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi bəzi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Azərbaycanın isə mövqeyi birmənalı, qətiyyətli və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yolu ilə həllini tapmasa, məsələni müharibə yolu ilə həll edəcəyik. Müharibə başa çatdıqdan sonra digər ərazilərimiz kimi, Cəbrayılın da inkişafı ilə bağlı cənab Prezident tərəfindən dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İnfrastruktur layihələrinin icrasına başlamış və bu gün artıq Cəbrayıla səfər edən hər bir insan həm köhnə yolun yüksək səviyyədə yenidən qurulduğunu, həm də yeni dördzolaqlı magistral yolun uğurla inşa edildiyini görür. Bu yol Cəbrayıldan Zəngilana, Qubadlıya və oradan da Laçına qədər davam edir. Dövlət başçımızın qeyd etdiyi kimi, həm Cəbrayılda, həm də digər azad olunmuş ərazilərdə bir çox infrastruktur layihələrinin icrası uğurla, sürətlə həyata keçirilir. O cümlədən oktyabrın 3-də cənab Prezident İlham Əliyev Cəbrayılda yeni məktəbin açılışını edib. Dövlətimizin başçısı öz çıxışında vurğuladı ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Həqiqətən də dünyanın heç bir yerində indiyədək işğaldan, müharibələrdən əziyyət çəkmiş heç bir ölkə bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini aparmayıb. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərə alınıb. Eyni zamanda, bərpa olunan şəhər və kəndlərə qayıdacaq insanların məşğulluq məsələsi də diqqətə alınır. Oktyabrın 3-də cənab Prezident İlham Əliyevin Cəbrayılda beş yeni müəssisənin təməlini qoyması da bunu bir daha təsdiq edir. Həmin müəssisələrdə mindən çox insan çalışacağı nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu torpaqların əsil sahibləri əbədi qayıdıblar.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova
Şərh yazılmayıb.