Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada, Ağdamda, Laçında və digər ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti artır. Verilən göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 19-da Ağdama, Şuşaya, Xankəndinə səfəri və görülən işlərlə tanışlığı, təməlqoyma mərasimlərində iştirakı buranın gələcək gözəl həyatına söykənir.
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru kimi tarixdə yer aldı. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edildi.
Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi.
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir.
Bu gün Xankəndidə yeni dövr başlayıb. Dövlət başçısı səfəri zamanı Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə və Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulmuşdu. Bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Bildiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamışdır.
Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşü zamanı “Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər”, – deyə bildirib.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi.
27 sentyabr 2020-ci ilin o günü Azərbaycan xalqı təkcə silahla yox, düşmənə qarşı nifrətlə silahlanmışdı. O gündən başlayan Vətən müharibəsi 44 gün ərzində xalqımızın, Ordumuzun, bizi qələbəyə səsləyən və aparan Liderimizin nəyə qadir olduğunu dünyaya sübut elədi. 44 günlük müharibənin hər günü şanlı tarix oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. İşğalçı Ermənistan ordusu isə güclü Azərbaycan əsgərini qarşısında ancaq qaça bilirdi. Erməni tərəfi də rəsmi olaraq bəyan edib ki, 2-ci Qarabağ müharibəsində Ermənistan ordusunda 12 mindən çox fərari olub. Bütün bu amillər isə Azərbaycan Ordusunda, arxa cəbhədə olan yüksək mənəvi-psixoloji hazırlığın, vətən sevgisinin bariz nümunəsidir. Mənəvi üstünlük, milli düşüncə olmasa, ən güclü ordu belə qələbə qazana bilməz. Dünya hərb tarixində olan faktlar da bunu təsdiq edir. Azərbaycan Ordusu 44 gündə düşmənin bir neçə istehkam səddini aşaraq tarixi zəfərə imza atıb. Şuşa kimi yüksək strateji, əlverişli coğrafi mövqeyə malik bir ərazini Azərbaycan Ordusu yüngül silahlarla, sıldırım qayalara dırmaşaraq, bir çox hallarda əlbəyaxa döyüşlərdə qalib gələrək buranı işğalçılarından azad etdi. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq öz qəhrəmanları ilə fəxr edir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri müasir Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasət meydanında işğalçı düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Azərbaycan xalqının bütün çətinliklərə baxmayaraq öz tarixi torpaqlarına qayıtmaqla bağlı heç vaxt ümidini itirmədiyini, bir gün tarixi ədalətin zəfər çalacağına əmin olub. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, konstitusiya quruluşu bütün ölkə ərazisində bərqərar edildi.
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Zərdab Rayon Gənclər və İdman sektorunun əməkdaşı Əvəz Soltanov
Vətənpərvərlik ruhu.
Bəli, Zəfər qazanmaq təəssüf ki, Şəhid vermədən olmur. 1990-cı ildən bu günə qədər Azadlıq mübarizəmizdə Şəhidlərimiz olub. Onlar şairimizin dili ilə desək torpağın bağrına toxum əkiblər. Əkilmiş toxumlar öz nəticəsini verdi. Bu gün biz bütün şəhidlərimizi həsrətlə, qürurla, hörmətlə anırıq !
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları ilə 44 günlük müharibə nəticəsində xalqımızın qüruru, mənliyi və şərəfi özünə qayıtdı. Ali Baş Komandanın başçılığı ilə əldə olunan bu qələbə 30 illik həsrətə, nisgilə, qubar bağlamış könüllərə su səpdi, qəlblərə rahatlıq və hüzur gətirdi. Vətən müharibəsində tarix yazan Azərbaycan Ordusu apardığı peşəkar əməliyyatlarla dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırmağı bacardı. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizə nəsib etdi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Şanlı tariximizin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi və bu birlik rəşadətli ordumuzu Qələbəyə ruhlandırdı. Zəfər yürüşümüz əzəli və əbədi Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərqərar edilməsi ilə yekunlaşdı. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən, ölkə başçımız tərəfindən diplomatik müstəvidə aparılan uğurlu gedişlər nəticəsində tam təslim oldu və kapitulyasiya aktını imzaladı.
Məhz bu tarixi qalibiyyətimizə görə Vətənini öz canından artıq tutan qəhrəmanlarımıza borcluyuq. Ölkəmizin tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini təsdiq etdi. Gənclərimiz Prezident cənab İlham Əliyev qismən səfərbərlik elan edəndə könüllü kimi orduya yazıldılar. Onlar hərbi xidmətə gedərək, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid, qazi oldular. Müxtəlif orden və medallara, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər.
Müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruh vətənpərvərliyin əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi məhz onun gəncləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi. … İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. …Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir”.
Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbin müəllimi Vəfa Quliyeva
Şərh yazılmayıb.