Huquqaz.com

Şuşa şəhəri beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir

08.07.2024
1.299
Şuşa şəhəri beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir

ŞUŞA ŞƏHƏRİ BEYNƏLXALQ TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİR.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri budur ki, biz birlikdə güclüyük. Bu birliyin, həmrəyliyin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Belə ki, Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri prioritet hesab etdi və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verdi. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həmin birliyin daha da möhkəmləndirilməsi dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətdir. Cənab Prezident İlham Əliyevin  ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü də bunun  bariz nümunəsidir. Günümüzün əsas çağırışı Türk Dövlətləri Təşkilatının  dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsidir. Dövlətimizin başçısı bildirir ki, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir.
Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Hazırda türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” söyləyən dövlət başçısı cənab İlham Əliyev qeyd etdi ki,  Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir. Keçirilən hər bir beynəlxalq tədbir Azərbaycan reallıqlarının, tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin, 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərin beynəlxalq iqtimaiyyətə çatdırılmasında öz sözünü deyir. Cənab Prezident İlham Əliyev Zirvə görüşünə ev sahibliyi edən Şuşanın, həmçinin digər ərazilərimizin  işğalından, Azərbaycan xalqının heç zaman işğalla barışmamasından, daim bu torpaqlara qayıtmaq arzularından geniş bəhs edərək hazırda işğala son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, soydaşlarımızın Böyük Qayıdışının uğurla həyata keçirildiyini diqqətə çatdırıldı. Hazırda Füzuli, Laçın, Xocalı, Şuşa şəhərləri, Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşublar. Zirvə görüşündə liderlərin çıxışında da bu məqamlar xüsusi qeyd edildi ki, Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.
Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Bu gün Şuşa iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı,  2022-ci ilin  ölkəmizdə  “Şuşa İli”,  həmçinin  TÜRKSOY tərəfindən Şuşa şəhərinin  2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin,  türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan  Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin ölkəmiz, eyni zamanda, türk dünyası üçün önəmini nümayiş etdirir. Belə bir əminlik də ifadə edildi ki,  birgə səylərimizlə  bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova

Şərhlər

Şərh yazılmayıb.