Huquqaz.com

Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

01.08.2023
2.237
Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Sirr deyil ki, dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən faktor da onun dilidir. Bu mənada, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Tariximiz sübut edir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmi dövlət dili kimi elan edilsə də, bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu olaraq uzun müddət mövcud ola bilməyib. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu və ulu öndər Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi rasional dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.

Ulu öndər Heydər Əliyevin 44 il öncə irəli sürdüyü təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin öz əksini tapması, bununla da Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və Ulu Öndər bu yolla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu. “Heç şübhəsiz ki, həmin dövrdə keçmiş SSRİ respublikalarda milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Hətta, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, ümumilikdə xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Məhz, dahi şəxsiyyət Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi nəticəsində 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verildi.

Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili ilə bağlı konkret maddənin öz əksini tapması ana dilimizin inkişafı və qorunması işini daha da gücləndirdi. Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi üçün 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Eyni zamanda, Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun da qəbul edilmişdi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Ulu öndər Heydər Əliyev ana dilimizin qorunması istiqamətində müstəsna xidmətlər göstərib

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ana dilimizin qorunmasında, inkşaf etdirilməsində böyük cəsarət və qətiyyət nümayiş etdirərək müstəsna xidmətlər göstərib. 1970-ci illərin ortalarından başlayaraq, SSRİ-nin tərkibinə daxil olan respublikaların ictimai-siyasi həyatında ana dili məsələsi yenidən gündəmə gəlsə də, SSRİ Konstitusiyasının qəbulundan sonra milli respublikaların rəhbərləri bu məsələni gündəmə gətirməkdə aciz idilər. Bütün maneələrə və çətinliklərə baxmayaraq, həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev dil məsələsində böyük cəsarət, vətənə sadiqlik göstərərək, öz mövqeyini qətiyyətlə ortaya qoydu. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Heydər Əliyev məruzə ilə çıxış edərək 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi verilməsini təklif etdi. Ümummilli Liderimizin qətiyyətli, dönməz və ardıcıl mübarizəsi öz bəhrəsini verdi. Belə ki, 1978-ci il aprel ayının 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında ulu öndər Heydər Əliyevin bu təklifi və təşəbbüsü əks olundu.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Bundan başqa ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində bir çox addımlar atıb: “Bu addımlara misal olaraq, dilçi alimlərə yüksək diqqət və qayğı göstərilib, milli dildə nəşr edilən kitabların tirajlarının sayı artırılıb.

Ulu öndər Heydər Əliyev növbəti dövrlərdə də Azərbaycan dilinin işlənməsi, inkişaf etdirilməsi və qorunması məsələlərini xüsusi diqqətdə saxlayıb. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümummilli Liderin dövlət dili sahəsindəki mövcud problemlərin həllinə xidmət edən siyasətinin davamı olaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıbdır. Müvafiq Fərmana uyğun olaraq Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Bundan başqa, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamı Ulu Öndərimizin Azərbaycan dilinə verdiyi böyük dəyərin göstəricisidir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Son illərdə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib

Ana dili hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktorlardan biridir. Dil sosial hadisə olduğuna görə hər bir millətin keçdiyi yolun, onun formalaşmasının ən mühüm göstəricisi kimi də qəbul olunur. Ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasəti səviyyəsində reallaşdırılır. Son on ildə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı mühüm sənədlər onun mənsub olduğu xalqın mənəvi sərvətinə, dilimizə münasibətindən qaynaqlanır.

Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.

Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan Dilçilik İnstitutunda Prezidentin Azərbaycan dili haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək istiqamətində bir sıra işlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ildə də Azərbaycan dili ilə bağlı iki mühüm dövlət sənədinə imza atıb. Onlardan birincisi “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamdır. Digər sənəd isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” 2018-ci 1 noyabr tarixli Fərmanıdır. Fərmana əsasən, reklam daşıyıcılarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yol verilən dil pozuntularının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Qeyd olunan bu sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısı barədə danışmağa əsas verir. Söz yox ki, ana dilimiz haqqında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ölkəmizdə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini etibarlı şəkildə təmin edir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Ana dili qorumağa borclu olduğumuz dəyərdir

Hər bir xalqın varlığını təsdiq edən başlıca amil onun dilidir. Ana dili milli sərvət, xalqın milli kimliyinin göstəricisidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır. Tarixboyu istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. Ulu Öndər bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaradıb. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi-bədii irsin qorunması Heydər Əliyevin son dərəcə diqqət yetirdiyi sahələrdən olub.

Sovet dönəmində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, ölkəmizdə doğma dilimiz hakim mövqedə deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi o dövrün dövlət siyasəti üçün prioritet hesab olunmurdu. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkə həyatının bütün sahələrində ciddi dönüş yarandığı kimi, Azərbaycan dilinə münasibət də əsaslı şəkildə dəyişdi. Ümummilli Lider Azərbaycan dilinin dövlət orqanlarında tətbiq dairəsini genişləndirməyə başladı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə ilk dəfə Azərbaycan dilinin dövlət dili statusu qazanması üçün səylər göstərdi.

1969-cu ildə Azərbaycanın yeni lideri indiki Bakı Dövlət Universitetinin yubiley tədbirində ittifaqın hər yerindən, həmçinin xarici ölkələrdən olan qonaqların qarşısında doğma ana dilində çıxış etdi. Ulu Öndər o günə qədər formalaşmış olan standartları ilk dəfə pozdu. Bu münasibətlə onu təbrik edənlərə isə dahi rəhbər Heydər Əliyevin cavabı belə oldu: “Burada qeyri-adi heç nə yoxdur, nahaq təəccüb edirsiniz. Bu, mənim ana dilimdir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”. Hətta yazıçılardan birinin ona “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deməsinə Heydər Əliyev belə cavab verir ki, “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.

Bu sözlərin ölkənin birinci şəxsinin dilindən səslənməsi ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoydu. Bu çıxış əslində, Ulu Öndərin respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı mesajı idi. Bu fikrində qətiyyətli olan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazıldı. Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ən gözəl şeirlərin, ən həzin nəğmələrin, bayatıların dilidir Azərbaycan dili

Ana dilinin inkişafına xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi böyük təntənə və qürur hissi ilə qeyd edilir. Bu Fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Beləliklə müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyərə malik daha bir gün əlavə edildi. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi. Bu Qanun dövlət dili ilə əlaqəli ən vacib hüquqi akt kimi tarixə düşdü.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin dövlət dili siyasətini bu gün uğurla davam etdirir. Prezidentin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 12-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ölkədə dil siyasətinin uğurlu davamının bariz nümunəsi idi.

Prezident İlham Əliyevin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratdı. Eyni zamanda, ölkə rəhbərinin dövlətimizin əsas atributlarından olan ana dilimizin qorunması ilə bağlı verdiyi bu sərəncamlar, heç şübhəsiz, dilimizə müxtəlif sferalarda olan laqeyd münasibətə kəskin reaksiya idi. Bu gün Azərbaycan dilinin dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bütün bunlar ana dilimizin qorunması və zənginləşdirilməsi işinin siyasi-hüquqi təminatıdır.

“Ulu Öndərin vaxtilə söylədiyi, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!” fikri bu gün vəzifəsindən, statusundan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün nümunə olmalıdır. Uşaqdan böyüyə hər kəs ana dilində danışmaqdan qürur duymalı, dilimizi yad təsirlərdən qorumaq üçün hər kəs çalışmalıdır. Emin Sabitoğlunun məşhur “Şirin dil” mahnısında da deyildiyi kimi, “Nə deyirsə yad desin, öz dilimdir şirin dil”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

Şərhlər

Şərh yazılmayıb.