Huquqaz.com

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi hadisəsi eyni zamanda Azərbaycan-İran dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini nümayiş etdirir

22.05.2024
2.418
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi hadisəsi eyni zamanda Azərbaycan-İran dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini nümayiş etdirir

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi hadisəsi eyni zamanda Azərbaycan-İran dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini nümayiş etdirir

 Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları uzun illər hər iki xalqın və dövlətin maraqlarına xidmət göstərəcək: “Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Eyni zamanda, stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ilə Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Beləliklə də, “Xudafərin” və “Qız Qalası” Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Respublikamızın qonşu dövlətlərlə birgə reallaşdırdığı enerji və nəqliyyat layihələri hazırda regional və qlobal əməkdaşlığa mühüm töhfələr verir.

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu multiregional səciyyə daşıyır. Ölkəmizin siyasətində o cümlədən qonşu dövlətlərlə xoş niyyətə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulmasına, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət göstərilir. Respublikamızın qonşu dövlətlərlə birgə reallaşdırdığı enerji və nəqliyyat layihələri hazırda regional və qlobal əməkdaşlığa mühüm töhfələr verir. Bu günlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istifadəyə verilməsi elektrik enerjisi istehsalı və suvarma məqsədlərində çatmaqda böyük infrastruktur obyekti hesab edilə bilər. Azərbaycan-İran münasibətlərində narahatlıq doğuran məqamlar aradan qalxıb. Azərbaycan və İranın dövlət sərhəddində – Araz çayı üzərində mühüm infrastruktur obyektlərinin inşası ikitərəfli münasibətlərin xoş mərama əsaslanmasından xəbər verir. İran və Azərbaycan qonşu dövlətlərdirlər və onlar arasında tarixi bağlar mövcuddur. Burada dövlət başçılarının siyasi iradələrini xüsusi qeyd edə bilərik. Prezidentlərin görüşləri sayəsində ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamlar keçmişdə qalıb.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Azərbaycan qarşıdan gələn dövrdə də İranla kitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.

Qonşu dövlətlər müxtəlif istiqamətlərdə birgə layihələr icra edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. “Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra rəqəmlər daha da artacaq”.

Hazırda, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq.  Bütövlükdə, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit bağlantılarından biri olacaq. Buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan hidroqovşaqların tikintisi ilə bağlı siyasi iradədən heç vaxt geri çəkilməyib.

Araz çayı dörd ölkə arasında yerləşir və hər zaman iqtisadi, mədəni, tarixi cəhətdən önəm daşıyıb. Çay üzərində, eyni zamanda, zaman-zaman müxtəlif iqtisadi infrastrukturlar yaradılıb. Ətrafda yaşayan insanlar çayın potensialından həmişə böyük dərəcədə faydalanıblar. Paralel şəkildə, ölkələr Araz çayının suyundan istifadə etmək üçün hər zaman əməkdaşlıq ediblər. Məlumdur ki, çayını üstündə 12 kilometr uzunluğa malik və eyni zamanda, sellərin qarşısını alan bəndin imkanlarından geniş istifadə olunub. Bəhs olunan hidroqovşaqların layihələri keçmiş Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Hidroqovşaqların layihələri ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən işlənib və ona bir sıra əlavələr edilib. Bununla belə, infrastruktur obyektlərinin inşası Ermənistanın Azərbaycana qarşı apardığı və təxminən otuz il davam edən işğalıçılıq siyasəti nəticəsində ləngiyib. Hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

Ancaq işğal faktına baxmayaraq. Azərbaycan hidroqovşaqların tikintisi ilə bağlı siyasi iradədən heç vaxt geri çəkilməyib. Prezident İlham Əliyev 11 iyul 2016 tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib. Xatırladaq ki, həmin Saziş 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı parlaq Qələbə sayəsində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpa edilməsinə nail oldu, o cümlədən işğal illərində Ermənistanın nəzarətində qalmış İranla dövlət sərhədlərinə çıxdı. Bundan sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.

İnfrastruktur obyektlərinin istifadəyə verilməsi mərasimində bildirildiyi kimi, bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir. Bu layihə, əslində, Azərbaycan və İrandan əlavə, digər qonşu ölkələrlə də su sahəsində əməkdaşlığığı genişləndirməyə imkan verəcək. Təbii ki, Araz çayı boyunca yerləşən ölkələr sudan və bundan əldə olunan enerjidən istifadə sahəsində əməkdaşlığı daha da artırmalıdırlar. Yaxşı haldır ki, artıq bu istiqamətdə də Şimal-Cənub, Şərq-Qərb arasında memorandumlar imzalanır.

“Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Bundan həm İran, həm də Azərbaycan böyük iqtisadi dvidentlər qazanacaqlar. İnfrastruktur obyektlərinin texniki parametrləri kifayət qədər genişdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan dostluq və mehriban qonşuluq siyasətinə sadiqdir və bu münasibətlər imzalanan rəsmi müqavilələrdə təsbit olunub

Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinin səviyyəsi regional inkişaf və təhlükəsizliyin təmin edilməsi baxımından hər zaman əhəmiyyət kəsb edib. Xüsusilə ilə din, dil və qədim tarixi köklər bu iki xalqın münasibətlərinə həmişə təsir göstərib, bir-birinə sıx bağlayıb. Sürətlə dəyişən geosiyasi mənzərə ölkələr arasında münasibətlərdə qısamüddətli dalğalanmalara səbəb olsa da, əlaqələrin həm strateji, həm də taktiki baxımdan vacibliyi dost və mehriban qonşuluq münasibətlərinin gücləndərilməsinə zərurət yaradıb. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsini məhz bu prizmadan nəzərdən keçirməklə yanaşı, əlavə etmək olar ki, bu, tarixi hadisə olmaqla bərabər, həm də iki dövlətin münasibətlərində yeni mərhələnin başlanmasına şərait yaradır.

Azərbaycan dostluq və mehriban qonşuluq siyasətinə sadiqdir və bu münasibətlər imzalanan rəsmi müqavilələrdə təsbit olunub. Hələ 2002-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqaviləyə əsasən, iki dövlət arasında sərhədlər dostluq sərhədləri elan olunub və hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına əsaslanır. Bu gün Azərbaycanla qonşuları arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Bütün sahələrdə, xüsusilə enerji, rabitə, nəqliyyat sahəsində sıx əməkdaşlıq müşahidə olunur. Ölkələrimiz arasında əməkdaşlıq üçün möhkəm müqavilə-hüquqi bazası yaradılıb, iqtisadi əlaqələrin mühüm göstəricilərindən biri olan ticarət dövriyyəsi də artır.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlarda ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün münbit şərait yaradır. Bu mənada iki ölkə arasında enerji körpüsünün yaradılması iki ölkənin iqtsadi həyatında tarixi hadisədir. Söhbət “Qız Qalası” və “Xudafərin” hidroqovşağından gedir. Bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır, eyni zamanda, iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Xatırladaq ki, Arazın su ehtiyatlarından birgə istifadə sahəsində əlamətdar məqam 2016-cı ilin fevralında imzalanmış sənəd olub. Bu sənəddə ölkəmizin müştərək transsərhəd layihəsini həyata keçirmək üçün müstəsna qanuni hüquqları aydın şəkildə göstərilib, su və enerji resurslarına bərabər hüquqlar elan edilib.  Məlumdur ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Məhsuldar əməkdaşlıqsan sonra mayın 19-da uzun illərdir gözlənilən hidroqovşaqlar istismara verildi. Bu layihələrin reallaşdırılması, əlbəttə ki, dostluğun növbəti təzahürü kimi qiymətləndirilir.

Bakı həmişə həm regional, həm də qlobal layihələrin həyata keçirilməsinin tərəfdarı olub, onların həyata keçirilməsi regionun inkişafına və ölkələr arasında əməkdaşlığa töhfə verib. Azərbaycanın Şimal-Cənub və Qərb-Şərq dəhlizlərinin kəsişməsində yerləşməsi, eləcə də ölkədə lazımi infrastrukturun olması onu digər ölkələr üçün strateji baxımdan cəlbedici edir. Bu baxımdan Azərbaycanın qonşu ölkələr ilə arasında nəqliyyat və tranzit potensialının artırılması sahəsində əməkdaşlıq əsasən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qlobal layihəsinə əsaslanır.

  Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Şərhlər

Şərh yazılmayıb.