Huquqaz.com

Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

04.05.2024
2.617
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub.

Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu özündə hazırkı dövrün əsas çağırışını ehtiva edir. Prezident cənab İlham Əliyev Forumun açılış mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrini təqdim etməklə yanaşı, bu günümüz və gələcəyimiz üçün qarşıda dayanan hədəfləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Prezident cənab İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub.

Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlətimizin başçısının Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi də bu kimi məqamlara aydınlıq gətirir. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir.

Ümumilikdə I Dialoq Forumunun ilk dəfə Bakıda 2011-ci ildə keçirildiyini nəzərə alsaq, ötən 13 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların miqyasının olduqca böyük olduğunu təsəvvürümüzdə canlandıra bilərik. Təkcə sonuncu tədbirdən keçən 5 ildə cərəyan edən hadisələr Azərbaycanın qlobal gücə çevrildiyini sübut edir. Bu dövrdə Azərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək. Əsas mesajın ümid olduğu və Azərbaycanın bu ümidi bütün dünyaya yaymağı səmimiyyətlə arzuladığı diqqətə çatdırıldı. Forumda 100-dən çox ölkəni 700 qonağın təmsil etməsi bir daha tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirdi. İldən-ilə tədbir iştirakçılarının artan say tərkibi və onların təmsil etdikləri ölkələrin qlobal problemlərin həllində fəal iştirakı bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Bu, həm də onu təsdiqləyir ki, Forum çox mühüm beynəlxalq platformadır.

Dövlət başçısı İlham Əliyevin Forumda vurğuladığı kimi, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi.

Mayın ayının 1-də  Azərbaycan paytaxtı daha bir beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin təkcə öz sərhədləri, yaxud mövcud olduğu Cənubi Qafqaz bölgəsində deyil, bütövlükdə dünyada sülh və təhlükəsizliyin bərqərar olmasında marağının daha bir nümayişi idi.

Bu tədbir ölkəmizə çamur atanlara növbəti dəfə mükəmməl səviyyədə verilən cavab idi. Dünyanın 110 ölkəsindən 700 qonağın iştirak etdiyi Forum Azərbaycanın haqlı mövqeyinə qlobal miqyasda verilən dəstəyin nümayişi idi. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə yüksək səviyyədə təşkil olunub. Bu forumlarda səslənən çağırışlar bəşəriyyətin xilasına, rifahına, sülhün bərqərar olmasına yönəlib. Xatırlayırıq, koronavirus pandemiyasının tüğyan etdiyi zaman da Azərbaycan Prezidenti BMT-nin xüsusi sessiyasının çağırılması, peyvənd bölüşdürülməsində ədalətli yanaşma ortaya qoyulması və sair məsələlərlə bağlı təşəbbüs irəli sürmüşdü. O zaman Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparırdı, amma yenə də qlobal probemlərin həlli istiqamətində əzmlə mübarizə aparırdı.

Ölkəmizdə  davamlı olaraq möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib. Sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Dünyanın ən böyük beynəlxalq konfransı – COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak etdiyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Ölkəmizin qazandığı uğurlarda Prezident cənab İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

Şərhlər

Şərh yazılmayıb.