Huquqaz.com

Təhsil müəssisəsində “Xaltura”…

19.04.2024
2.783
Təhsil müəssisəsində  “Xaltura”…

“Bəli, mən işə gəlməyən müəllimlərin, işçilərin maaşını kəsirəm”.

“Xəbəraz.az” xəbər verir ki, bu sözləri Ağdam rayon 149 nömrəli tam orta məktəbdə direktor əvəzi işləyən Mətanət Hüseynova deyib.

Qeyd edək ki, Mətanət Hüseynova artıq uzun müddətdir ki, Ağdam rayon 149 nömrəli tam orta məktəbdə direktor əvəzi işləyir.

Maraqlıdır ki, sosial şəbəkələrdə direktorluq müsabiqələrində yüksək nəticə topladığı halda hələ də direktor ola bilmədiyindən gileylənən kifayət qədər təhsil işçilərinin olduğu bir zamanda bu məktəbin direktor kürsüsü bir neçə ildir ki, boş qalıb. Direktoru əvəz edən Mətanət Hüseynova isə, deyəsən “qollarını çirməyib” əməlli-başlı “işə girişib”.

Belə ki, redaksiyamıza, görəndə bizi belə heyrətə gətirən bir siyahı daxil olub. Siyahıda bir neçə şəxslərin adları yer alır ki, onlardan bir neçəsinin adı təmizlikçi olaraq məktəbdə qeydiyyatda olsa da, işə gəlmədikləri – daha doğrusu həftədə bir dəfə məktəbə gəlib, həftəlik davamiyyəti imzalayıb getdikləri deyilir.

Sözügedən siyahıda adı təmizlikçi kimi qeydiyyatda olan Nəsirova Lalə Mozu qızının laborant işlədiyi, Umarova Pərvanə Səyyad qızı, Quliyeva Fərqanə Kamal qızı, Qəhrəmanova Ramilə Zahid qızı və Mehdiyeva Səbinə Azər qızının ümumiyyətlə işə gəlmədikləri, bəzilərinin öz əvəzlərinə hərdənbir kənardan təmizlikçi gətirib işlətdikləri, Yusifova Billurə Eldar qızının isə öz qızı ilə növbəli şəkildə qapıda dayandığı bildirilir. Halbuki, adları çəkilən şəxslərin hər birinin adı xadimə siyahısında yer alır.

Maraqlı məqamlardan biri də hazırda 149 nömrəli Ağdam məktəbində xadimə işləyən Qurbanova Firuzə Loğman qızı, İsayeva Bəsti Qəfər qızı, Məmmədova Rəvanə Əlniyaz qızı, Ağayeva Ruhəngiz Ağamməd qızı ilə bərabər, adı məktəbin çalışanları siyahısında olmayan Zeynəb adlı daha bir xanım da var.
Bir sözlə, 13 xadimənin maaş aldığı bu təhsil müəssisəsində, cəmi 5 nəfərin bu əmək haqqını alnının təri ilə qazandığı deyilir. Amma, 10-dan yuxarı xadimənin işini görən bu binəva xanımların da əmək haqqlarından kəsilməsi faktı da mövcuddur. (Belə əminliklə “mövcuddur deməyimizin səbəbini aşağıda açıqlayacağıq.)

Bundan əlavə, məktəbdə iki kitabxanaçının olduğu, 9, 10, 11-ci sinif şagirdlərinin repetitor yanına getmək səbəbilə dərsə davamiyyətinin aşağı olduğu və bunun da direktor əvəzi Mətanət Hüseynovanın “ödənişli razılığı” ilə mümkün olduğu da redaksiyamıza daxil olan məlumatlar arasındadır.

Təsəvvür edin ki, Mətanət Hüseynova bütün bu qanunsuzluqların baş verdiyi məktəbdə hələ direktor əvəzi işləyir. Görün rəsmi şəkildə direktor olsa nələr edər. Lap “Sehirli xalat” filmi yadıma düşdü, deyir “bu uşağın böyüyüb kim olacağını düşünəndə, adamın tükləri biz-biz durur”.

Nəzərə alsaq ki, Mətanət Hüseynova adı korrupsiya və yeyintidə hallanan sabiq direktor Arzu Qədirovanın müavini vəzifəsində çalışıb.
Hələ 2009-cu ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə tikiş sexinin açılması” layihəsinə 11900 manat ayırması məsələsində sabiq direktor Arzu Qədirovanın adının çəkilməsi və bu işdə əsas rolu oynayanların – daha doğrusu bu “dövlət büdcəsinə hücum planı”nın “ssenari müəllifləri”nin (Vüqar Qədirov və Şirin Mövsümov) Arzu xanımın hazırkı (Qədirova ) və subaylıq (Mövsümova) soy adları ilə eyni olması bu xanımın vəzifəsindən uzaqlaşdırılmasının nə qədər ədalətli qərar olmasını göstərir. Amma, maraqlıdır ki, Arzu Qədirovanın doğmaca bacısı Xəzangül Movsümova hələ də həmin məktəbdə tədris təşkilatçısı, sağ əli olduğu deyilən Mətanət Hüseynova isə direktor əvəzi işləyir.

Adı çəkilən hər üç xanımın barəsində internet üzərindən bəzi araşdırmalar apararkən, daha bir maraqlı məqam üzə çıxdı. Belə ki, tənqidi yazıların başlıqlarına toxunduqda, həmin yazıların artıq saytlardan silindiyini gördük.

P.S: Bəli, biz Ağdam rayon 149 nömrəli tam orta məktəbi barəsində redaksiyamıza daxil olan məlumatların bir qismini diqqətinizə çatdırdıq. İndi gəlin görək qarşı tərəfin mövqeyini dinləmək istərkən, Mətanət xanım Hüseynova bu məlumatlara nə reaksiya verdi.

Mətanət xanıma özümüzü yenicə təqdim edib, birinci sualımıza başlamışdıq ki, “mən sizi dinlədim, siz də məni dinləyin” deyib, sözümüzü ağzımızda kəsdi. Oxumağa başladığımız siyahıdakı adlardan tedirgin olan Mətanət xanım, deyəsən sözümüzü elə əvvəlində kəsdiyinin fərqində belə deyildi ki, “mən sizi dinlədim” deyib, bizi “borclu çıxarmağa çalışdı. Biz, “buyurun” deyən kimi də tələm-tələsik özünü tərifləməyə başladı. Direktor əvəzi olduğu 3 ildə aldığı mükafatları, təltifləri və sair saya-saya “kəsə yollarnan” özünü çatdırdı özünün işləmə qaydasına. “Mən əmək məcəlləsini bilməsəm bu işdə işləmərəm” deyə öyünən Mətanət Hüseynova, “Bəli, işə gəlməyən, gecikən işçilərin maaşından kəsirəm, mən səhər yeddidədə gəlib, axşam yeddiyə burda oluramsa, niyə müəllim də, digər işçilər bunu etməməlidir?!”, deyə özünə haqq qazandırmağa çalışdı. Siz bunu hansı qanuna əsasən edirsiniz, buna ixtiyarınız varmı sualını verdiyimizdə isə etirafin yersiz olduğunu anlayıb, dərhal bütün məmurların istifadə etdiyi şablon taktikaya – şəhid adından istifadə metoduna keçdi.
“Ay xanım, bəs məktəbin şəhid fonduna mən pulu hardan yığmalıyam”, deyə, sanki, haqlı imiş kimi səsinin tonunu da biraz qaldırdı.
Görünür, şəhid, qazi adları dövlət qurumlarında çalışan kiçikdən-böyüyə hər kəsin “B” planına çevrilib.

“Heç bir məktəbin belə bir fondu yoxdur” dedik. Bundan sonra xanım danışmaq xatirinə, biri-birinə aid olmayan sözləri bir-birinə calayıb danışmağa, mümkün qədər bizim danışmağımıza, digər sualları verməyimizə qəsdən mane olmağa başladı. Nəhayət ki, başı ayağından 180 dərəcə fərqlənən cümlələrini qaydasına salıb, bizi məktəbə – öz yanına dəvət etmə cəsarətini tapdı. İsrarla bizi məktəbə dəvət edib, “gəlin burda araşdırın” deyə təkid etdi. Təbii ki, biz buna etiraz etdik və sadəcə mövqeyini öyrənmək istədiyimizi, lazım gələrsə aidiyyatı üzrə rəsmi sorğular göndərəcəyimizi dediyimizdə isə, Mətanət xanım bizə “yol göstərməyi” də “özünə borc bildi”, “Hə onda siz Qarabağ regionala sorğu göndərin, onlar araşdırsınlar” dedi.
Biz:
– Lazım gəldiyində, Qarabağ regionala da, Elm və Təhsil Nazirliyinin özünə sorğular göndəririk. Bunlar sonrakı mərhələdir, birinci növbədə sizin mövqeyinizi bilmək istədik ki, yazıda sizin də fikirlərinizə yer ayıraq.

Mətanət Hüseynova:
– Yox, siz nazirliyə heç nə göndərməyin, biz Qarabağ regionala baxırıq, ora göndərin, onlar özü araşdıracaq.

Mətanət xanımın bu cümləni bir neçə dəfə israrla deməsi, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyinin də məktəbdə olanlardan xəbərdar olması və ona “göz yumması”mı deyək, onunla “əlbir olması”mı deyək şübhəsini oyadır. Belə çıxır ki, xanım heç də bütün sadalanan qanunsuzluq işlərini təkbaşına həyata keçirməyib.

Qeyd: Qeyd edək ki, sırf biz danışmayaq deyə, dayanmadan danışan Mətanət xanım, verdiyi cavablarda işçilərin əmək haqqlarından kəsdiyini və kənardan təmizlikçilərin gətirilib çalışdırılığını da, “bacısının əvəzinə təmizləyirdi”, deyə etiraf etmiş oldu.

Mövzunu davam etdirəcəyik !

 

Tərifə Maksudova

Şərhlər

Şərh yazılmayıb.