Huquqaz.com

Qənirə Paşayeva dünyaşöhrətli Azərbaycan rəssamı Əşrəf Heybətovla görüşüb

27.05.2022
1.068
Qənirə Paşayeva dünyaşöhrətli Azərbaycan rəssamı Əşrəf Heybətovla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dünyaşöhrətli Azərbaycan rəssamı Əşrəf Heybətovla görüşüb. Milli Məclisdə baş tutan görüşdə, Komitə sədri sənətkarı uğurla keçən yeni sərgiləri münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Əşrəf müəllim,
Sizi bugünlərdə Bakıda təşkil olunmuş növbəti – “Bizim dünya” adlı sərginizin uğurla keçməsi münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm! Bu il respublikamızda “Şuşa İli”dir. Şuşa ötən ildən rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı statusunu daşıyır. Gələn il isə Şuşa Türk dünyasının Mədəniyyət paytaxtı olacaq. “Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur” məşhur kəlamının müəllifi olan Siz görkəmli sənət xadiminin, Azərbaycanın Respublikasının Xalq rəssamının Şuşa, Qarabağ, ümumən Vətən mövzusuna özünəxas münasibəti “Bizim dünya” sərgisində bir daha təcalla etmişdir. Xeyir və Şər mövzusunun, milli mənəvi dəyərlərimizin ehtiva olunduğu elementlərin çoxluq təşkil etdiyi əsərləriniz sənətsevərlərə yaxşı məlumdur.
Sizin əsərlər Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da sərgilənmişdir.
Siz öz emosional hisslərinizi yüksək sənətkarlıq və peşəkarlıq müstəvisində ifadə etmiş, tamaşaçılara sənət zövqü, sevinci yaşatmısız. Ümumiyyətlə Sizin işlərin əsas mövzusu Azərbaycandır, Azərbaycan xalqıdır. Əslən içərişəhərli olmağınız Sizin İçərişəhəri, Bakını yüksək duyumla təsvirinizə təkan vermiş olsa da, Siz İçərişəhərin dar küçələrindən Türk dünyasının genişliyinə ustadcasına keçid edə bilirsiz. Özəlliklə son vaxtlar ümumtürk miqyaslı mövzuların Sizin fırçanızla yeni ömür qazanmasının şahidi olmaq çox xoşdur: Siz Türk dünyasının böyüklüyünə, zənginliyinə, mədəniyyətimizin dərinliyi və sənətimizin üfüqlərinə yeni rəng qatır, əlvanlıq qazandırırsız.
Təsadüfi deyil ki, Sizin yaradıcılığınızda etnoqrafik yaddaş öndə olmaqla, xalqımızın tarixi, mədəniyyəti və folklor sənətinin inciləri önəmli yer tutub.
Sizin əsərləriniz bir çox dövlətlərin, eləcə də BMT, UNESCO, NATO kimi beynəlxalq təşkilatların tanınmış sərgi zallarında nümayiş edilir. Siz öz sənətiniz, yaşam fəlsəfənizlə Azərbaycan mədəniyyətini dünyada tanıdırsız. Əsərlərinizin əsas predmeti insanlar və təbiət olmaqla,  yaradıcılığınızda mənəvi dəyərlərə aid yüksək ideyalar öz inkasını tapıb.
Çox şadıq ki, “Bizim dünya” bizim əziz Şuşanın, digər şəhər və kəndlərimizin düşmən tapdağından azad olunmasının, həmin şəhər və kəndlərin yenidən təməllərinin atılmasının – azadlıqdan abadlığa, işğalçılıq mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçidin fərəh və qüruru içində təşkil olunub.
Sizi bütün uğurlarınız münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!
Xalq rəssamı səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Şərhlər

Şərh yazılmayıb.