Huquqaz.com

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

18.04.2024
3.409
Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. 1961-ci ildə kanalın ikinci hissəsi istismara verilərək maksimum su sərfi 78 m3/san olmuşdur. Uzunluğu 122 kilometr olan Yuxarı Şirvan kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır.

Mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan kanalı Kür çayının sol sahilindən keçir. Kanal Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təminatını yaxşılaşdıran əsas arteriyalardan biridir. Uzun zaman istismara verilən kanala Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi xidmət edir.

Yuxarı Şirvan kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının torpaq sahələrinin suvarılmasına xidmət edir. 10 rayonun ərazisindən keçən kanalda daim idarə tərəfindən təmir işləri, o cümlədən lildən təmizləmə işləri həyata keçirilir. Bununla da kanaldan axan suyun axını sürətlənir, xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılır. Hazırda Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin texnikaları kanalın keçdiyi rayonların ərazilərində lildən təmizləmə işlərini yerinə yetirir. Bu günə kimi torpaq məcrada 16 kilometr, kanalın beton üzlük hissəsində isə 21 kilometr hissə lildən təmizlənib.

Yuxarı Şirvan Kanalının Əlicançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konstruksiyalı 6 düker və 2 akveduk tikilib. Ümumilikdə isə kanal üzərində sadə və mürəkkəb konstruksiyalı 129 qurğu mövcuddur. Bunlardan 1 ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpü, 52 ədəd selötürücü, 1 ədəd cəldağıdan, 1 ədəd sutullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcıdır. Torpaq məcralı olan Yuxarı Şirvan kanalının təqribən 27 kilometrdən artıq hissəsi monolit betonla üzlənib. Hazırda idarənin ekskavator və buldozerləri Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Türyançay çayında məcra təmizləmə işlərini həyata keçirir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub

Hacıqabul gölü tarixən Kür çayının sərbəst meandrlaşması nəticəsində əmələ gələrək Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth suları, yeraltı sular və Kür çayında dövrü olaraq baş verən daşqın suları hesabına qidalanaraq bizim dövrümüzədək gəlib çatmışdır.

Ötən əsrin I yarısında gölün cənub hissəsindən süni kanal çəkilərək Kür çayı ilə birbaşa əlaqə yaradılmış və göldə çəki, sıf, külmə, çapaq, naqqa və s. kimi balıqlar yetişdirilmişdir. Bundan əlavə, hər il şimaldan uçub gələn köçəri quşlar göldə qışlama dövrü keçmişlər.

Mingəçevir su anbarının istifadəyə verilməsi ilə Kür çayında su səviyyəsinin tənzimlənməsi, Kür çayı ilə Hacıqabul gölü arası ərazidə Baş Şirvan Kollektorunun çəkilməsi və eyni zamanda kanalın sıradan çıxması gölün əsas qidalanma mənbəyi olan daşqın sularından təcrid olunması ilə nəticələnmiş və həmin dövrdən gölün akvatoriyasının kiçilməsi prosesi başlamışdır.

Son bir neçə illər ərzində yay fəslində havanın temperaturunun yüksəlməsi gölün səthindən buxarlanmanın miqdarının artmasına, Xəzər dənizində səviyyənin enməsi isə Cənub-Şərqi Şirvan düzənliyində, o cümlədən də gölətrafı ərazilərdə qrunt sularının səviyyəsinin 1,5-2 m-dək enməsinə səbəb olmuşdur. Eyni zamanda aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, göl antropogen təsirlərə məruz qalmışdır. Belə ki, gölü qidalandıran kanallar lillənərək dolmuş, nəticədə burada suyun tənzimlənmə rejimi pozulmuş və göldə suyun səviyyəsi kəskin surətdə aşağı düşmüşdür.

Göldə tarazlığın pozulması ilə bağlı bir neçə dəfə ekoloji vəziyyət araşdırılmış, ekoloji monitorinqlər keçirilmiş və göldə yaranmış fövqəladə vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müvafiq təkliflər göndərilmişdir.

Qurumaqda olan göldəki gərgin vəziyyətə müvafiq həmçinin gölətrafı ərazilərdə yerləşən Hacıqabul, Sabirabad və Salyan rayonlarının iqtisadiyyatı və ekoloji şəraiti üçün mühüm əhəmiyyəti nəzərə alınaraq, göldə əvvəlki vəziyyətin bərpası, ekoloji şəraitin yaxşılaşdırılması və ya digər mühüm sayıla bilən tədbirlərin müəyyənləşdirilməsi məqsədi ilə  yenidən araşdırmalara başlanılmışdır.

Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.

Qeyd etmək lazımdır ki, Hacıqabul gölündə suyun səviyyəsini artırmaq üçün ən labüd addımlardan biri Yuxarı Şirvan kanalının yenidən qurulması prosesi olacaqdır.Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. 1961-ci ildə kanalın ikinci hissəsi istismara verilərək maksimum su sərfi 78 m3/san olmuşdur. Uzunluğu 122 kilometr olan Yuxarı Şirvan kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. Bu gün ən mühüm məsələlərdən biri bu kanalın yenidən qurulmasıdır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda

Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.

İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. İndi görünür ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi.

Bu il kifayət qədər qar, yağış yağmış, su hövzələrində, su anbarlarında kifayət qədər su yaranmışdır. Ancaq əvvəlki illərdə hər il quraqlıqla üzləşirdik. Dağlara daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək başlıca vəzifələrimizdən biridir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Artıq işğaldan azad olunmuş ərazilərimizi dünyanın hava məkanları ilə birləşdirən Füzuli və Zəngilan beynəlxalq aeroportları, “ağıllı konsepsiyalar” əsasında yaradılan ən müasir infrastruktur, bir sıra yeni yaşayış komplekslərinin tikintisi uğurla başa çatdırılıb.

Qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin  bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir texnologiyaların tətbiqi nəticəsində ərazilərimizdə  həm taxılçılıq, həm də  meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz böyük investisiya imkanlarına malikdir. Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur  investisiyalar məkanına çevriləcək.   Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı  məhsullarının ixracını artırmaq başlıca məsələlərdəndir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək

Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə cənab Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.

Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.

Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu kanal – suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Qeyd etmək lazımdır  ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.