Huquqaz.com

Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış, artıq, başlanıb

29.08.2023
2.836
Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış, artıq, başlanıb

Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış, artıq, başlanıb

“Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Ərazidə IX-XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də, çoxsaylı su dəyirmanları var. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub.Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüş, rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmiş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu. Bu gün Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.”

Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış, artıq, başlanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçın öz görkəmini alır, daha gözəl diyara çevrilir. Mayın 28-dən başlayan qayıdış prosesində artıq 234 ailədən ibarət olan 1000-ə yaxın sakin öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. Bu ilin sonuna qədər daha 900 ailə üçün yeni evlərin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın Şəhəri Günü” elan edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçın öz görkəmini alır, daha gözəl diyara çevrilir,  Laçına həyat yenidən qayıdır. Uzun illər işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq, artıq, 1000-ə qədər sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Hazırda Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin siyasətinin, diplomatik məharətinin unikallığı da bundadır

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Laçın strateji əhəmiyyətə malikdir. “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyevin dediyi kimi: “ Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi”. Uzun  və nəticəsiz qalan danışıqlar zamanı “5+2” formatını irəli sürən,  Qarabağdakı az saylı erməni üçün (nəzərə alsaq ki, onların böyük bir qismi müharibədən sonra Ermənistan tərəfindən qanunsuz məskunlaşdırılmışdı.) israrla status tələb edən Ermənistan və havadarlarının  planları darmadağın oldu. İndi  Qarabağ, Şərqi Zəngəzurun  kənd və şəhərlərində, o cümlədən  Laçında Azərbaycan bayrağı dalğalanır. Laçın şəhərində, Sus və Zabuxda, eləcə də digər kənd və şəhərlərimizdə  həyat yenidən canlanır, insanlar qayıdır, qurur, yaradır. Ermənistan-Azərbaycan şərti dövlət sərhədində Laçın postumuz fəaliyyət göstərir. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı  ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günüdür. Bizə bu Şanlı Zəfəri yaşadan  bütün  şəhidlərimizi hörmət və ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik!

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində dediyi “Biz şəhərlər tikirik, onlar özlərinə villalar tikirlər” ifadəsi öz torpaqlarının əsl sahibləri ilə işğalçıların törətdiyi cinayətlərin ən doğru müqayisəsidir. Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici  diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda, azərbaycanlıların quruculuğunu əyani şəkildə görür.  Heytərlənməmək olmur, gözlərimizin önündə  çox sürətlə, kəndlər, şəhərlər yenidə yaradılır.

Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin siyasətinin, diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün mühakiməsiz hüquqi bazasını yaratdı. Və bununla da Ermənistanın tarixi müttəfiqləri tərəfindən müharibənin gedişinə müdaxilədən, təzyiqdən Azərbaycanı qoruyaraq hərbi və diplomatik qələbəyə nail ola bildi. Və heç kim bizi yolumuzdan döndərə , iradəmizə təsir edə bilməz.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycan bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı və ölkəmizin dünyada nüfuzu və əhəmiyyəti dəfələrlə artdı

Ölkə başçısının dediyi kimi, “Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”.

Azərbaycan bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı və ölkəmizin dünyada nüfuzu və əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini həyata keçirən, azərbaycanlıların başını ucaldan Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən Respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi missiyası hələ davam edir.  Onlar  müasir  tariximizin yeni səhifəsini açır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir, ora həyat qayıdır. İşğal edilmiş bütün ərazilər kimi Laçın da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində  yenidən qurulur.

Bunu bütün dünyada, Ermənistanda da görürlər. Bir çox erməni jurnalistləri, bloggerləri, siyasətçiləri, sadə insanlar əsrin dörddə birində işğal altında olan, indi isə xalqımızın qəhrəmanlığı və zəhməti, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vətənimizin hər qarış məhəbbəti sayəsində gündən-günə çiçəklənən Qarabağın, Şərqi Zəngəzurun necə sürətlə canlandığını, dirçəldiyini görürlər.

Azərbaycan tarixi ədaləti bərpa edərək, tarixi torpaqlarını işğaldan azad etmişdir. Ləyaqətlə vuruşaraq, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq  suveren hüquqlarını müdafiə etmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda  sürətlə böyük quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər  öz tarixi və əbədi evlərinə qayıdır. Burada hər yaşdan, hər nəsildən olan insanlar var: yaşlı, orta və gənc nəslin nümayəndələri. Bu tarixi reallıqdır və hər kəs bunu qəbul etməli, nəzərə almalıdır. Prezident İlham Əliyevin dediyi kimi: “  Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.