Huquqaz.com

2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub

26.08.2023
2.608
2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub

Azərbaycan və özbək xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələri 1995-ci il oktyabrın 2-də iki ölkə arasında diplomatik münasibətlərlə rəsmiləşdirilmişdir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Dövrümüzdə Azərbaycanla Özbəkistan arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlər yüksək dinamikası ilə səciyyələnir.

Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.

Dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Məhz bu niyyətin ifadəsi olaraq, Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildi. Bir neçə gün əvvəl – avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirilmişdir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açdı. Bu səfərin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələr aparılmış, bir sıra mühüm sənədlər imzalanmışdır. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. İki ölkə arasında perspektiv əməkdaşlıq türk xalqları arasında dostluq əlaqələrinin güclənməsində, regionda sabitliyin bərqərar olmasında mühüm amildir!

 

Ağayeva İradə Qurban qızı

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.