Huquqaz.com

Davamlı əməkdaşlığı təmin edən memorandum

06.02.2023
2.081
Davamlı əməkdaşlığı təmin edən memorandum

Davamlı əməkdaşlığı təmin edən memorandum

“2023-cü ilin Fevralın 3-də Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 1-ci iclasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Tərəfdaşlıq uzunmüddətli enerji təhlükəsizliyi, dayanıqlılıq, təchizatın diversifikasiyası və yaşıl enerjiyə keçid gündəliyi üzrə əməkdaşlığın genişləndirilməsi kimi ümumi məqsədlərə xidmət edir. Məşvərət Şurasının iclasında Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarını və onun Azərbaycandan Avropaya etibarlı, rəqabətqabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini bildiriblər.

Belə ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun uğurla istismara verilməsi Avropada tədarükün diversifikasiyasını daha da dəstəkləyəcək mühüm hadisələrdən biridir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi bununla yeni enerji bazarları üçün potensial təchizat mənbəyinin yaranacağına şərait yaradacaq. İlk dəfə olaraq keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin iclası tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlərə yaşıl gündəlik üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparılması üçün gözəl fürsət yaradır. Bu platforma yaşıl enerji üzrə beynəlxalq əlaqələrin yaradılmasına və Azərbaycanın Avropa bazarları üçün yaşıl enerjinin təchizatçısına çevrilməsinə töhfə verəcək. Ötən ilin iyulun 18-də Bakı şəhərində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” mövcud əməkdaşlığın genişləndirilməsi ilə yanaşı enerji keçidi, bərpa olunan enerji, enerji səmərəliliyi, bərpa olunan hidrogen sahələrində tərəfdaşlığın davamlı inkişafı üçün yeni imkanlar açacaq. Ötən ilin dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in də böyük əhəmiyyətini qeyd edirik.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş  redaktor müavini

 

Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Xarici təhdidlərə geosiyasi, xaricdən qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili təhlükəsizliyə isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı olan məsələləri aid edirlər. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur.  Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır

Azərbaycan Respublikasının enerji siyasətinin əsas vəzifələrindən biri də ölkənin Cənubi Qafqaz və Xəzər hövzəsinin elektrik enerjisi ixrac edən əsas dövlətlərindən birinə çevrilməsidir. Bu məqsədlə, bir tərəfdən, ölkədə “yaşıl enerji” sahəsinin inmişaf etdirilməsi ilə elektrik enerjisi istehsalının artırılması, digər tərəfdən həmin enerjinin xarici ölkələrə çatdırılması sisteminin yenidən qurulması və yaxud da yaradılması həyata keçirilir.  Müasir dünyanın inkişaf etmiş ölkələrində ənənəvi enerji mənbələrinin getdikcə tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulmasını nəzərə alaraq, ekoloji cəhətdən təmiz bərpa olunan enerji mənbələrindən istifadəni günü-gündən genişləndirirlər.  Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz, bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir.

Azərbaycanın transmilli dünya ilə enerji tərəfdaşlığı münasibətlərinin yaradılmasından keçən müddətdə Azərbaycanın Xəzər dənizində ona məxsus zəngin karbohidrogen ehtiyatlarını dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri ilə birgə yeni texnologiya əsasında istehsal etməsi və müstəqil marşrutlarla dünya bazarlarına çıxarması onun enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi artırmış, dünya enerji sistemindəki rolunu yüksəltmişdir. Çünki Azərbaycanda bərpaolunan enerji ilə bağlı böyük potensial var və ölkəmizin unikal iqlimə malik olması “yaşıl enerji”nin əldə edilməsi üçün böyük imkanlar açır.  Respublikamızda quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni ölkəmizdə 200 qiqavata yaxın potensial var.  Bərpaolunan enerji sahəsində Azərbaycanla həmfikir ölkələr arasındakı hərtərəfli əməkdaşlığa daha bir möhkəmləndiricək və bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlıq mühüm əhəmiyyətə malik olacaqdır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir

Azərbaycan dövlətinin enerji təhlükəsizliyinin qorunmasına və təmin olunmasına həm də beynəlxalq dəstəyi gücləndirmişdir. Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri dünya dövlətləri ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına və müvafiq olaraq onun iqtisadi cəhətdən inkişaf etməsinə təkan vermişdir. Lakin Xəzər hövzəsində qlobal enerji layihələrinin reallaşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasiya regionunun, beynəlxalq aləmin və transmilli dünyanın enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət göstərmişdir. Azərbaycanın ciddi səyləri nəticəsində Xəzər bölgəsinin zəngin enerji ehtiyatlarından səmərəli istifadə, onun üzərində transmilli nəzarətin təmin olunması, neftin və qazın təhlükəsiz marşrutlarla dünya bazarlarına çatdırılması sistemi yaranmışdır ki, bu da qloballaşan dünyanın geosiyasi müstəvisində təkcə Azərbaycanın deyil, həm də bütöv Xəzər bölgəsinin geoiqtisadi rolunu artırmışdır.

Azərbaycan Avropanın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutaraq yeni-yeni transmilli layihələrin hazırlanması və həyata keçirilməsində arzuolunan və etibarlı tərəfdaşa çevrilmişdir. Həmin tərəfdaş ölkələrlə birgə reallaşdırılan layihələr, çəkilən neft və qaz kəmərləri ona öz ixrac və təchizat marşrutlarını şaxələndirməyə, əhalinin iqtisadi, sosial və s. tələbatlarını daha dolğun ödəməyə lazımi imkanlar yaratmışdır. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Təbii qaz ixracı artır

Bu ilfevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası keçirilib. İclasda Avropa İttifaqının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropanın iri qazpaylayıcı şirkətlərinin, eləcədə Türkiyənin, İtaliyanın, Yunanıstanın, Macarıstanın, Rumıniyanın və digər Şərqi Avropa dövlətlərinin nümayəndələri iştirak ediblər. İclasda Azərbaycan qazı ilə yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə tranzit qaz ixracı da müzakirə olunuv. Azərbaycanın olan qaz ehtiyatlarının həcmi 1,3 trilyon kubmetrdən çoxdur və bu, kifayət qədər böyük rəqəmdir. Azərbaycan Xəzər dənizindəki təbii qaz yataqlarından Avropaya 10 milyard kubmetr təbii qaz ixrac edir. Cənub Qaz Dəhlizinin tam olaraq istismara verilməsindən sonra Azərbaycan ixrac etdiyi qazın həcmini daha da artıracaq və 2027-ci ildə bu rəqəm 15 milyard kubmetrə çatacaq. Gələcəkdə Azərbaycan Avropaya daha çox təbii qaz ixrac etmək imkanına malikdir. İxracın həcmi 20 milyard kubmetrə qədər yüksələ bilər. Gələcəkdə Türkmənistan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixracı nəzərdə tutulub.

Bu gün üzləşdiyi böhranlı vəziyyət Avropanı alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. YəniCənub Qaz Dəhlizi ideyası məhz Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Ötən müddət ərzində Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.