Huquqaz.com

Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir

26.08.2023
2.377
Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir

Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir

Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov – iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar.

1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlər yekunlaşıb.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Füzulidə tikilən məktəb Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirdi. Bu, eyni zamanda, qardaşlığın, həmrəyliyin, dəstəyin nümunəsi kimi qeyd olundu. Dövlətimizin başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. Özbəkistan Prezidentinin bu səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində tamamilə fərqli, olduqca əhəmiyyətli və yaddaqalan səhifə açacağını şərtləndirən xeyli məqamlar var.

Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq bu ərazilərimizdə yeni həyat başlayır. Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri soydaşlarımızın ilk mərhələsinin bu torpağa qayıdışına təsadüf etdi. Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması işğaldan azad edilmiş ərazilərimizin həyatında tarixi hadisədir.

Hazırda Böyük Qayıdışın sevincini yaşayan füzulililər Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın bu torpaqda inşa edilən məktəbin açılışında iştirak etmələrindən, həmçinin dövlət başçılarının Füzuli şəhərindəki MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərindən qürur hissi keçirirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə də tanış oldular. Dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq istəyi həmrəyliyimizin, qardaş dəstəyinin göstəricisidir. Səfər zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələdə konturları təqdim edildi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan fəal əməkdaşlıq həyata keçirir

Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Həmin səfər zamanı dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Məhz bu niyyətin ifadəsi olaraq, Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildi. Bir neçə gün əvvəl – avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirildi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.