Huquqaz.com

Özəlləşdirmə çekləri məsələsi “Canlı Polemika”da: Qanun nə deyir?

14.05.2023
1.739
Özəlləşdirmə çekləri məsələsi “Canlı Polemika”da: Qanun nə deyir?

Son illər özəlləşdirmə çekləri ilə bağlı problem daha da aktuallaşıb. Öz hüquqlarının bərpasını gözləyən vətəndaşlarla yanaşı, bir sıra ictimai nüfuzlu şəxslər də müəyyən çağırışlarla çıxış edirlər. Məqsəd isə bəllidir, vətəndaşların yanında olmaq və onların haqqlarını geri qaytarmaq olduqca vacib məsələdir. Mətbuatda özəlləşdirmə çekləri ilə bağlı yazılara sıx rast gəlinsə də, bu dəfə Sitat TV-nin “Canlı Polemika” verilişində problemə hüquqi tərəfdən yanaşılıb.

Məsələ ilə bağlı Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas  Mübariz Yolçuyev bildirib ki, dövlət özəlləşdirmə payları və onların bağlandığı qiymətli kağız olan dövlət özəlləşdirmə çekləri vətəndaşın özəlləşdiriləcək dövlət əmlakı üzərində mülkiyyət hüququnun var olduğunu birbaşa təsdiq edir:

“Konstitusiya və qanunlarımıza əsasən, vətəndaşların mülkiyyət hüququnun məhdudlaşdırılması və ya dövlət tərəfindən əldə olunması yalnız qanun və qanunun göstərdiyi əsaslarla məhkəmə qərarı ilə həyata keçirilə bilər. Bu baxımdan dövlət özəlləşdirmə çeklərinin daha sonra qəbul olunan fərmanlarla tədavüldən çıxarılması və istifadəsinin məhdudlaşdırılması vətəndaşların əlindən alınması mənasına gəlir. Bu isə onların mülkiyyət hüquqlarının pozulması, başqa sözlə, Konstitusiya və qanunların pozulması mənasını ifadə edir. Özəlləşdirmə çeklərinin kompensasiya ödənmədən fərmanla dövriyyədən çıxarılması Konstitusiya və qanunlara zidd məsələdir.

Ümumiyyətlə, özəlləşdirmə prosesi tarixi, siyasi, iqtisadi və sosial əsaslar üzərində qurulmuş bir prosesdir. Bu proses Konstitusiyanın ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Bu, dövlətə etimadın təzahürüdür. SSRİ-nin bütün mülkiyyətinin xalqa məxsus olmasını nəzərə alsaq, bu dövlət əmlakının qurulmasında ulu babalarımızın, ata babalarımızın və özümüzün zəhməti az olmayıb. Sovet dövründə orta məktəbdə 4 və 5 –ci siniflərdən başlayaraq şagirdləri, o cümlədən müəllim və həkimləri üzüm, pambıq yığmaq üçün məcburi işlədirdilər. Vətəndaşlar simvolik əməkhaqqı alırdılar. Bu mənada əmlak payları təkcə vətəndaşın deyil, həm də ulu babalarının, babalarının övladlarına verilmiş miras əmlak payıdır. Ümumiyyətlə, bu, sosializmdən kapitalizmə keçidin ədalətli ola bilməsi üçün dövlətin vətəndaşlarına miras əmlak payı kimi başa düşülməlidir. Ona görə də hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ancaq və ancaq qanunla, kompensasiya ödənərək həyata keçirilə bilər.

2011-ci ildə hökumətin verdiyi rəsmi məlumata görə, 1 milyon özəlləşdirmə payı ölkə vətəndaşlarında qalıb. 600 minə yaxın pay isə yerli və xarici investorlar tərəfindən depolarda saxlanılır. Çek sahibi olan yüzminlərlə vətəndaşın bu hüquqlarının müdafiəsi üçün məhkəmələrə ayrı-ayrılıqda müraciət etməsi mümkün deyil, hətta absurddur. Bu məsələ hüquqla bağlıdır. Ona görə də ən effektiv həll yolu Konstitusiya Məhkəməsinin araşdırmasıdır. Bildiyiniz kimi, Konstitusiya Məhkəməsinə vətəndaşın özü də müraciət edə bilər. Onların müraciəti əsasında deputatlar, Ombudsman, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Prezident Aparatının hüquqşünasları, Ali Məhkəmə və digər məhkəmələr sorğu göndərə və məsələnin araşdırılmasını istəyə bilər. Deputatların mətbuatda vətəndaşların hüquqlarının müdafiəsi üçün fikirlər söyləməsi təqdirəlayiq və mühümdür. Bununla yanaşı,  ən effektiv müdafiə yolu və problemin həlli işə Konstitusiya Məhkəməsində baxılmasıdır. Əgər deputatlar qanunvericiliyə və Milli Məclisin əsasnaməsinə istinad edərək Konstitusiya Məhkəməsinə müraciət etsələr, bu,  problemin həlli üçün daha da faydalı ola bilər.

Onu da qeyd edim ki, özəlləşdirmə çeklərinin nominal dəyəri qanunda birbaşa tənzimlənməyib. Qanunvericiliyin 93 nömrəli “Özəlləşdirmə Qanunu”nda bildirilir ki, əmlak payının miqdarı, bölgüsü və bu kimi məsələlər mülkiyyət hüququ ilə bağlıdır və buna görə də qanunla qəbul edilən dövlət proqramı ilə tənzimlənə bilər. Həmin dövlət proqramında həm də özəlləşdiriləcək bütün orta və iri müəssisələrin, dövlət əmlakının ən azı 65 faizinin ölkə vətəndaşlarına qanunla qoyulmuş qaydalar əsasında əmlak payı olaraq verilməsi bir dövlət öhdəliyi kimi nəzərdə tutulur. Bu əmlak payının dövlət özəlləşdirmə çekləri vasitəsilə  vətəndaşlara verilməsi qərara alınıb. Dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri birincili olaraq yerləşdiriləndən sonra, yəni vətəndaşlara verildikdən sonra özəlləşdiriləcək dövlət payı üzərindəki mülkiyyət hüququ ilə birlikdə, digər bütün hüquqlar da vətəndaşlara keçmiş sayılır. Dövlət Əmlak Komitəsinin 1996-cı il tarixli 222 saylı əmrinə əsasən, bir özəlləşdirmə payının qiyməti ən azı 2000 ABŞ dollarıdır. Qeyd etmək lazımdır ki, qanunda göstərilən qayda və öhdəliyə əsasən əmlak payının dəyəri inflyasiyadan qorunan dəyərdir. Deyə bilərik ki, bu gün həmin dəyər 5-10 dəfə yüksəkdir. 25 il vaxt keçdiyi üçün yeni nominal dəyər qanunla qoyulmuş qaydaya uyğun olaraq hesablana bilər, hətta hesablanmalıdır. Nazirlər Kabinetinin 8 fevral 2018-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarından məlum olur ki, xarici valyutanın və qiymətli kağızların səhmləri, istiqrazlar, dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı qanunla tənzimlənib”.

Bakı Dövlət Universitetinin Konstitusiya hüququ  kafedrasının professoru, hüquq üzrə elmlər doktoru  Sübhan Əliyev qeyd edib ki, özəlləşdirmə çekləri vətəndaşlara qanunla verilib və bu gün heç kim qanunu poza bilməz:

“Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda özəlləşdirmə prosesi başlamadan öncə xarici təcrübənin neqativ hallarının aradan qaldırılması üçün xüsusi komissiya yaradılmışdı. Bu səbəbdən 1995-ci ildə “Dövlət Özəlləşdirmə Proqramı” qəbul olunanda bütün özəlləşdiriləcək orta və iri müəssisələrin ən azı 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə həyata keçirilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimlənib. Eyni zamanda özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan özəlləşdirmə payları inflyasiyadan qorunan dövlət əmlak payı kimi qəbul olundu. Dövlət yalnız ona məxsus olan 35 faizlik hissəni pulla sata bilər. Digər 65 faizlik hissə isə ancaq və ancaq Konstitusiya və qanunlara əsasən verilə bilər. Heç kim Konstitusiyaya zidd olaraq, qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri ilə bağlı onların hüquqlarını, o cümlədən dövlət öhdəliklərini poza bilməz”.

Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlıya görə, özəlləşdirmə çeklərinin mülkiyyət hüququna malik olması qanunla təsdiqlənib:

“Uzun müddətdir ki, bu məsələ problem olaraq qalır. Bu, təəssüf doğurur. Bəzən mətbuatda da bu məsələyə səthi yanaşan, işin mahiyyətinə baxmadan ümumi qaydada tənqidi və məsuliyyətsiz fikirlər bildirilir. Bu fikirlər bəzən hüquqşünaslar tərəfindən də irəli sürülür. Fikrimcə, həmin insanlar məsələnin mahiyyəti ilə tam şəkildə tanış olmadan, hüquqi təhlil aparmadan fikir bildirirlər. Əvvəla nəzərə almaq lazımdır ki, vauçerlər dövlət özəlləşdirmə paylarıdır və vətəndaşlara dövlət əmlakının bir hissəsi olaraq verilmişdi. Sovet hökuməti dövründə xalqın əmlakı sayılırdı. Sosializm quruluşundan sonra əmlak bir növ xalqın özünə qaytarılıb. Bu isə mülkiyyətdir. Özəlləşdirmə çekləri məsələsində də mülkiyyət hüququ açıq şəkildə ifadə olunur. Yəni, vətəndaşların mülkiyyət hüququna sahib olaraq əmlak payı vardı və burada dövlət qiymətli kağızları olan özəlləşdirmə çeklərinə etibar olundu. Sual olunur ki,vətəndaşlara dövlət özəlləşdirmə payı ilə verilmiş mülkiyyət hüququnun aqibəti necə oldu? İndi bu suala heç kim cavab verə bilmir”.

Vətəndaşlara çağırış edən sabiq deputat, Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə vurğulayıb ki, vətəndaşlar əllərində olan çekləri satmasınlar:

“Bu problem aktual bir məsələdir. Dövlətə və qanuna vətəndaşların, xarici investorların inamı məsələsidir. Qanunun aliliyinin pozulmasına heç vaxt yol vermək olmaz. Bir hüquq qanunla verilibsə və Konstitusiyaya zidd deyilsə, bu qanunu necə pozmaq olar?! Özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlər çoxsaylı hüquqşünaslar, alimlər tərəfindən elmi və praktik tərəfdən araşdırılıb. Bu barədə “Qanun” jurnalında və mətbuatda çoxsaylı məlumatlar yazılıb. İnanıram ki, tez bir zamanda Prezident Aparatındakı hüquqşünaslar və deputatlar Konstitusiya Məhkəməsinə müraciət edərək qanunvericiliyimizə kölgə salan bu problemin aradan qaldırılmasında maraqlı olacaqlar. Özəlləşdirmə çekləri qanunla qüvvədə olan dövlət qiymətli kağızlarıdır”.

Özəlləşdirmə çeklərinin alqı-satqı məsələsinə toxunan Vəkillər Kollegiyasının üzvü, “Prospekt” Vəkil Bürosunun müdiri Həbib Əliyevin sözlərinə görə, çekləri yalnız maraq naminə almaq və ya satmaq yolveriləndir:

“Özəlləşdirmə çeklərinin tədavülü fərmanla belə dayandırıldığı və çeklərin alqı-satqısı ilə məşğul olmaq üçün lisenziya ləğv olunduğu üçün vauçerlərin alverini etmək qadağan olunmuş sayılır. Lakin kiminsə öz çekini bir əşya kimi satması və satmaq məqsədi olmadan alması qanunla yol veriləndir. Yəni, qanunla qadağan olunmayıb. Bir hüquqşünas kimi vətəndaşların tez bir zamanda sevindirici xəbər alacağına inanıram. Bu səbəbdən heç kimin 25 ildir ümidlə saxladığı özəlləşdirmə çeklərini satmasını tövsiyə etmirəm”.

Vəkillər Kollegiyasının üzvü Asif Məmmədov isə bildirib ki, özəlləşdirmə çekləri qanunla hələ də qüvvədədir:

“Normativ hüquqi aktlar və nəzəriyyəyə görə, verilmiş bir hüquq ləğv olunduqda həmin hüququ tənzimləyən normativ hüquqi aktlarda bundan sonra hansısa dəyişiklik edilməz. Çünki bu, hüququn qüvvədən düşməsi hesab olunur. Məlum olduğu kimi, “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə” 14 may 1997-ci il tarixli 579 saylı fərmanla təsdiq olunub. Həmin çeklər başqa bir fərmanla 2011-ci il 1 yanvar tarixindən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli 426 saylı fərmanla isə “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə”də dəyişiklik edilib. Sual olunur ki, çeklər hələ də qüvvədə deyilsə, onda nə üçün çeklərə aid olan əsasnamədə dövriyyədən çıxarılandan sonra dəyişiklik edilib?! Bunun əsasında hesab edirəm ki, qanunla özəlləşdirmə çekləri hələ də qüvvədədir və müəyyən hüquqları təsdiq edir. Dövlətin vətəndaşların çağırışlarını diqqətə alaraq çekləri tezliklə tədavülə qaytaracağını hesab edirəm”.

Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz.

“Canlı Polemika” verilişinin tam versiyasını təqdim edirik:

 

Şərhlər

Şərh yazılmayıb.