Huquqaz.com

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

10.05.2023
1.855
Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

Şuşa şəhəri tarixən nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi zəngin inkişaf yolu keçmiş və xalqımız üçün milli-mənəvi dəyərlər baxımından önəmli yerə malik olmuşdur. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarolunmaz incilərindən biridir. Bu ərazilərdə qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları elmi əsaslarla sübuta yetirilmişdir. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən, mühüm strateji coğrafi mövqeyə sahib cənnət məkanı Şuşa tarixən həm də hərbi-siyasi əhəmiyyət kəsb edən alınmaz, basılmaz qala olmuşdur. Şuşa Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə Pənahəli xan tərəfindən 1752-ci ildə müdafiə məqsədilə düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları əhatəsində – istehkam məqsədli tikilən qala-şəhər olmuşdur. Buna görə də şəhər “Şuşa qalası” kimi də tanınır. İlk əvvəllər şəhər xanın şərəfinə “Pənahabad” adlandırılsa da, sonralar öz tarixi “Şuşa” adını yenidən qaytarır.

Şuşa Azərbaycanın paytaxt şəhərlərindən biri kimi 1758-1823-cü illərdə Qarabağ xanlığının mərkəzi olmuşdur. Belə ki, tarixin bütün dövrlərdə insanların ürəyində məhz Şuşa Qarabağın mərkəzi kimi qəbul olunmuşdur. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə də ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa xalqımızın qədimliyini, onun zəngin mədəniyyətini özündə tərənnüm edən qədim və unikal memarlıq abidələri ilə zəngin yurd yerlərimizdən biridir. İşğala qədər şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan yerli daş döşəməli küçələr, 9 məhəllə, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. Həmçinin Şuşa 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi, Qafqazda tək və yeganə olan Şərq musiqi alətləri fabriki fəaliyyət göstərirdi.

Şuşa şəhərinin Sovet hakimiyyəti dönəmində – ötən əsrin 70-ci illəri və 80-ci illərin əvvəlində keçdiyi sürətli inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə qəbul edilmiş, böyük və əsaslı quruculuq işləri həyata keçirilmişdir. 1977-ci ildə görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 27 dekabr tarixli 414 nömrəli Qərarı ilə “Şuşa dövlət tarix-arxitektura qoruğu” yaradılmışdır. Qəbul edilmiş bu kimi qərarlar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Belə ki, 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açlışı və bir sıra mühüm mədəni tədbirlərin həyata keçirilməsi buna bariz nümunədir. Bu bir daha Ulu Öndərin öz vətəninə, xalqına, onun tarixinə, mədəniyyətinə xüsusi qayğı və diqqətlə yanaşdığının göstəricisidir. Həmin dövrdə erməni tarixçilər və rəsmi dairələr ölkəmizə qarşı saxtalaşdırılmış xəritələr, materiallar əsasında ərazi iddiaları ilə çıxış edirdilər. Lakin xalqının mənafeyini, dövlət maraqlarını hər şeydən üstün tutan, onu canı və qanı bahasına olsa belə müdafiə edəcək müdrik dövlət xadimi ulu öndər Heydər Əliyev Azərbaycana rəhbirlik etdiyi o, dönəmlərdə bütün bu kimi əsassız iddiaların qarşısını qətiyyətlə almış, Ermənistana bir qarış belə vətən torpağının pay verilməsinə imkan verməmişdir. Şuşanın önəmini yüksək dəyərləndirən Ulu Öndər onun qorunması və inkişaf etdirilməsinə çox böyük həssaslıqla yanaşırdı.

1992-il də silah gücünə hakimiyyəti əllə keçirmək istəkləri AXC-Musavat cütlüyünün Xalq arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı. AXC-Musavat cütlüyünün kreslo sevdalığı 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri qədim və doğma şəhərimiz olan Şuşa şəhərinə hücuma keçərək işğal etdilər. 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi, Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri dağıdılaraq xarabalığa çevrildi. Bütün bu kimi əzablara və çətinliklərə baxmayaraq nə zamansa ədalətin bərqərar olacağına, sülh və danışıqlar yolu ilə münaqişənin sona yetəcəyinə, işğal edilmiş bütün tarixi torpaqlarımızın geri qaytarılaraq haqqın öz yerini tapacağına böyük inam və ümidlər var idi. Lakin çox təəssüflər olsun ki, dünya birliyi tərəfindən nümayiş etdirilən ikili yanaşma, siyasi riyakar münasibətlər qəbul edilmiş və icrasını gözləyən mühüm beynəlxalq əhəmiyyətli qərarların masa üzərində qalmasına səbəb oldu. Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən məğrur və qürurlu Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu.

44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu otuz ilə yaxın düşmən tapdağında inildəyən vətən torpaqlarını işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Beləliklə şanlı qələbə yürüşümüzün əsas qayəsi, son missiyası olan qədim yurd yerimiz, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq – 8 noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü.

 

Astanova Aysun

Saatlı rayonu Əhmədbəyli kənd tam orta məktəbin müəllimi

Şərhlər

Şərh yazılmayıb.